"Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub".
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib", - deyə məlumatda bildirilib.
***
17:06
Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
16:10
Bakının Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.