Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.
Modern.az xəbər verir ki, Məzahir Pənahovun gəlini Haqqın.az-a əri tərəfindən məruz qaldığı şiddətlə bağlı şikayət edib.
Qeyd edilib ki, zorakılıq ABŞ ərazisində törədilib və şiddətə məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.
Saytın yazdığına görə, məişət zorakılığının qurbanı olan qadın Haqqın.az-la əlaqə saxlayaraq problem barədə ətraflı məlumat verib.
Məlumatda deyilir ki, 38 yaşlı H.P. (ad göstərilməyib- red.) Məhəmməd Pənahovla 2022-ci ildə iyunun 28-də Bakıda ailə həyatı qurub.
Məqalədə bildirilib ki, cütlük evlənəndən sonra ABŞ-a, Los-Ancelesə köçüb. MSK sədri oğlu Məhəmməd üçün Hollivud ulduzlarının yaşadığı ən bahalı ərazidən villa alıb. Pənahov Los-Ancelesin nüfuzlu Bel-Air bölgəsində Hollivud ulduzlarının yaşadığı ərazidəki dəbdəbəli villanı 2 milyon 35 min 400 dollara almağa müvəffəq olub.
Məlumata görə, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların “Halifax”, “Natwest” kimi Britaniya, eləcə də ABŞ və Dubay banklarında hesabları olub.
Sonradan Məhəmməd Pənahov pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə başlayıb. Sayt yazır ki, M.Pənahov bir dəfəyə 26 şüşə pivəni boşalda bilirmiş. Sonra isə boşaltdığı şüşələri hamilə olan həyat yoldaşına atır, onu tez-tez döyürmüş. Bu hadisələrdən birində qadın övladını itirib.
Zorakılığa məruz qalan qadın 17 aylıq evlilikdən sonra Kaliforniyadakı villasından qaçmaq qərarına gəlib. Çarəsiz qalan H.P-yə valideynləri və yaxınları dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.
Ancaq Bakıya gəldikdən sonra da rahatlıq tapa bilməyib. Məhəmməd Pənahov ona hədə-qorxu gəlməkdə davam edib, hər gün zəng vurub və onu öldürəcəyi ilə hədələyib.
Qadın boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib. Ancaq bir ildən çoxdur ki, məişət zorakılığının qurbanı, fiziki zorakılıq nəticəsində övladını itirən qadın boşana bilmir.
Saytın yazdığına görə, Məhəmməd Pənahov təkcə həyat yoldaşını deyil, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələyərək boşanma prosesinə son qoyulmasını tələb edir. Pənahovlar tələb edir ki, H.P. ABŞ-yə ərinin yanına qayıtsın.
Onun hazırda qadın sığınacağına yerləşdirildiyi bildirilir.