Günəşin cənub qütbü ilk dəfə unikal şəkillərlə görüntülənib.
Modern.az “The Times”a istinadla xəbər verir ki, tarixi fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik gəmisi tərəfindən Yerə göndərilib.
Günəşin qütb bölgələri indiyədək müşahidə olunmamışdı. Bu yeni missiya nəticəsində alimlər Günəşin səthindəki maqnit aktivliyinin nizamsız strukturunu xəritələşdirə biliblər. Mütəxəssislərə görə, bu aktivlik Günəşin maqnit sahəsinin hər 11 ildən bir dəyişməsinin əsas səbəblərindən biridir.
ESA-nın elm direktoru professor Karol Mandel bildirib ki, bu gün bəşəriyyət ilk dəfə Günəşin qütb bölgəsini gördü. 1,3 milyard dollarlıq “Solar Orbiter” kosmik gəmisi 2020-ci ildə orbitə buraxılıb. Bu ilin mart ayında cihaz Günəş ekvatorundan 15 dərəcə aşağıya enərək ilk yüksək bucaqlı müşahidələrini həyata keçirib və cənub qütbünün görüntülərini qeydə alıb.
Günəşin maqnit sahəsi Yer planeti kimi sabit deyil, təxminən hər 11 ildən bir qütbləri dəyişir. Hazırda Günəş bu dəyişiklik ərəfəsində ən yüksək aktivlik dövrü olan “Günəş maksimumu” mərhələsindədir. Bu dövrdə ləkələr, alovlanmalar və maqnit fırtınaları daha tez-tez baş verir.