Modern.az

Rusların çərkəzlərə zülmü - Bir gündə 3 milyon insanın məhv olan həyatı

Rusların çərkəzlərə zülmü - Bir gündə 3 milyon insanın məhv olan həyatı

Hadisə

1 İyul 2025, 16:56

Tarix boyu Rusiyanın imperiya maraqları naminə həyata keçirdiyi etnik təmizləmə və zorakı köçürmə siyasəti təkcə türklərlə məhdudlaşmayıb. Çar Rusiyası və daha sonra Sovet dövründə müxtəlif qeyri-rus xalqlar bu siyasətin qurbanına çevrilib. Çərkəzlər, tatarlar, çeçenlər, inquşlar, krım tatarları, azərbaycanlılar və Orta Asiyanın türk topluluqları əsrlər boyunca deportasiya, məcburi köç və fiziki məhv planları ilə üz-üzə qalıblar. 

Türkiyəli çərkəz jurnalist Nalan Yazgan Modern.az-a açıqlamasında xüsusi olaraq çərkəzlərin yaşadığı soyqırımını xatırladaraq, bu faciənin Rusiyanın tarix boyu qeyri-rus xalqlara qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Ruslar 3 milyondan çox çərkəzə əziyyət verib

O qeyd edib ki, 1800-cü illərdə Çar Rusiyasının çərkəz xalqına qarşı həyata keçirdiyi soyqırımı, 19-cu əsrin ən böyük soyqırımı hesab olunur. Sürgün edilənlərin sayı bəzi çərkəz mənbələrinə görə 4 milyon, Rusiya mənbələrinə görə isə 300 min nəfər civarındadır:

“Hər iki rəqəm də həm şişirdilmiş, həm də qərəzli rəqəmlərdir. ABŞ-nin Viskonsin ştatının Madison şəhərində yaşadığım zaman söhbətlərini dinləmək şansına sahib olduğum tanınmış tarixçi Kemal Karpatın sözlərinə görə isə 3 milyondan çox çərkəz ruslar tərəfindən ata-baba torpaqlarını tərk etməyə məcbur edilib”.

“Qara dəniz ən çox bizə qara oldu” ifadəsini bəlkə də çərkəz dostlarınız varsa, onlardan eşitmisiniz. Bu elə dərin travmadır ki, bir çox çərkəz hələ də Qara dənizdən tutulan balığı yemir. Qara dənizin şimalındakı vətənlərini geridə qoyub köç edənlərin hamısı Cənub sahilindəki Osmanlı torpaqlarına çata bilmədi. Sürgün zamanı çərkəzlərin üçdə biri həyatını itirdi: bir qismi hələ dəniz üzərində ikən, bir qismi isə sahilə çatdıqdan sonra aclıqdan, yaxud tif və suçiçəyi kimi yoluxucu xəstəliklərdən vəfat etdi. Çərkəzlərə görə, ata-babalarına məzar olan Qara dəniz, ən çox onlara qara olub”- deyə araşdımaçı jurnalist bildirib. 



Rusiya bizə qarşı etnik təmizləmə siyasəti apardı

Jurnalist qeyd edir ki, ruslar bilərəkdən qeyri-rus xalqların qarşı müxtəlif illərdə etnik təmizləmə siyasəti yürüdüb və bu proses müxtəlif illərdə özünü göstərib:

“Rusiya-Çərkəz müharibəsi zamanı imperiya mülki əhaliyə qarşı hərbi hücumlar təşkil edərək, Qafqazda yaşayan yerli əhalinin zorla qovulmasını məqsədyönlü şəkildə həyata keçirdi. Bu bölgədəki əhalinin tamamilə və ya qismən fiziki məhvinə yönələn Rusiya rəsmiləri etnik təmizləmə siyasəti apardılar.

Nəticədə bölgədə yaşayan yerli əhalinin böyük bir hissəsi məhv oldu, bir qismi xaricə qaçmağa məcbur edildi, çox az bir hissə isə Rusiya İmperiyasının torpaqlarında qaldı. Həm məqsədi, həm də tətbiqetmə üsulu baxımından Rusiya İmperiyasının bu hərəkətləri soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilə bilər”.

N.Yazgan bildirib ki, tarix professoru Simon Janaşiya 1929-cu ildə Qafqazdakı araşdırmaları zamanı hadisələrin canlı şahidi olan Napsau İabaraxqu Hansaxqu ilə qarşılaşır. Hansaxqu ona belə deyir:

"Dəniz sahilinə yayılan insan sümükləri yeddi il boyunca sahili örtmüşdü. Qara quzğunlar kişilərin saqqalından və qadınların saçlarından yuva qurmuşdular, yeddi il ərzində dəniz insan kəllə sümüklərini qarpız kimi sahilə atırdı. Düşmənimin belə bunları yaşamasını istəməzdim."

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu