Qaradağ rayonu, Lökbatan-Qobu yolunda “Ford” markalı yük avtomobili təhlükəli vəziyyət yaradıb.
Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Sürücünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.
Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
DYP bütün sürücüləri yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.