Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Modern.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.