Avqustun 16-da saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çğırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.
DİN Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, müşahidə kamerasının görüntüsünə əsasən minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələnib.