Modern.az

Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı - ÖLƏN VAR

Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı - ÖLƏN VAR

Hadisə

27 Avqust 2025, 16:22

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

Modern.az Bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.

Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Hadisə zamanı 1973-cü il təvəllüdlü sürücü İlqar Mübaşir oğlu Əhmədov hadisə yerində ölüb.

1977-ci il təvəllüdlü sərnişin Ramil Bayram oğlu İbrahimzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı