Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
Əsl tələbə nə üçün tələbə olduğunu anlamalı və bunu önəmsəmlidir. “Tələbə” dedikdə yalnız universitet və ya institutlarda təhsil alanlar deyil, peşə sənətini öyrənən, sosial tələbat olan peşələrə yiyələnən gənclər də nəzərdə tutulmalıdır. Azərbaycan cəmiyyətində insanlar arasında “zorən tələbə” prosesi var. Ailələrimiz övladlarının tələbə olması yarışına qatılıblar. Əksər valideyinlər istənilən yolla uşaqlarından məcburi tələbə düzəltmək istəyirlər. Başa düşürəm ki, heç bir valideyin övladının gələcəyinin pis olmasını istəməz və bu etdiyi də onun düşüncəsində yaxşı işdir. Amma bütün insanlar eyni deyil. Və “Hər oxuyan Molla Pənah olmaz”. Bəs tələbə olmağa hazırlaşan abituriyentlərimiz niyə öz istəklərinə güvənmirlər? Burda maadiyyat məsələsi onların qarşısını kəsir. Çünki onların hazırlıq kurslarının ödənişini valideyinləri ödəyir. Molla Nəsrəddinin təbirincə desək “Pulu verən tütəyi çalar”.
Rüşvəti tələbə yox, valideyinlər verir
Tələbələrimiz əlifbanı düzgün öyrənir, amma “səhv” oxuyurlar. Rejissor olmaq istəyən tələbə “ailə istəyi” əsasında hüquqşünaslığı oxuyur və ailə qurub tam fərd kimi formalaşandan sonra yenə də rejisssor olur. Həmçinin, digər peşələr də belə. Belə halda tələbənin oxumaq istəyinin olmaması təhsil sistemini korlayır. Belə tələbənin sayı az olarsa bu hal baş verməz. Amma əksəriyyət belə olduqda tələbə oxumur və “oxumaq” da valideyinin boynuna düşür. Valideyin də işlədiyi üçün ikinci təhsil kimi bunu pulla “oxuyur”. Və bunun adına rüşvət deyilir. Bir şeyi başa düşmək lazımdır ki, Azərbaycanda təhsili və cəmiyyəti yüksəldən və korlayan ailə, valideyinlərdir. Tələbə heç vaxt rüşvət vermir. Rüşvəti verən valideyindir. Tələbələr də mələk deyil. Amma özü seçib qəbul olan tələbələr də oxumursa, qoy kəsilsin. Demək ki, oxumaq “sənlik” deyil. Qoy oxuya bilənlər oxusun. Amma burda da uşağı, bununla yanaşı da cəmiyyəti korlayan valideyin olur. Rüşvət alan müəllimlər də valideyindir. Onlar da başqa sahədə bunu edəcəklər. Pul rüşvət “şöbə”sində sadəcə dövriyyədə olur. Əsl tələbə bu dövriyyədən kənarda qalmalıdır. Bəlkə də düşünəcəksiz ki, haşiyəyə çıxdım. Xeyir, əsl tələbənin necə olması onun valideyinlərindən çox asılıdır.
İnformasiya az olanda qərar seçimi də məhdudlaşır
Bu günün tələbəsi dünənin şagirdidir. Bəs əsl şagird necə olmalıdır? Hər kəs keçmişinə, dünəninə arxalanıb hərəkət edir. Və hər kəs keçmişindən asılıdır. Orta məktəblərdə şagirdlərə sadəcə dərs yox, həyat da öyrədilmlidir. Sərbəst qərar verib, seçim etmək imkanı yaradılmalıdır. Bunun üçün isə situasiyanı analiz etmək gərəkir. Bu zaman insanın köməyinə əldə etdiyi maksimum məlumat yetir. İnformasiya az olanda qərar seçimi də məhdudlaşır. Şagirdlərin çoxlu informasiya ilə təmin olunması gərəkdir. Bu baxımdan orta məktəblərin komputerləşməsi və internet xəttinə qoşulması vacib amildir. Amma məktblər bunlardan istifadəni tam təmin etməli və buna nəzarəti gücləndirilməlidirlər. Şagirdin düzgün ixtisas seçmə, özünü tanıma və sosiallaşması üçün lazımi prosedur həyata keçirilməlidir. Əsl tələbənin necə olmasını onun hansı ixtisası seçməsi və necə orta təhsil alması təyin edir.
Tələbə öz statusuna uyğun olaraq tələb etməlidir. İnformasiya tələb etməlidir. Öz dünyagörüşünü foalaşdırmaq üçün hər şeylə maraqlanmalıdır. Pislə də, yaxşıyla da. Neqativ olan bir şeyi tanımadan heç kim ona qarşı mübarizə apara bilməz. Tələbə ölkəsinin doğru, pərdəarxasındakı tarixini bilməlidir. Düşmənini tanımalıdır. Bu fiziki düşmən deyil.
Tələbənin informasiya çatımlılığını heç bir ad altında məhdudlaşdırmaq olmaz. Bu gün bunun üçün xeyli imkanlar var. Yeni dərc olunan kitablar və nəhəng internet. İnternet tələbəyə bəhanə üçün yer qoymur.
Əsl tələbə, tələbə olmasının səbəbini və öz məqsədini anlamalıdır. Maddi olaraq deyil, yəni səbəb valideyin, məqsəd diplom olmamalıdır. Bax o zaman əsl tələbə formalaşır.
Şagird sosiallaşmalı, tələbə ictimailəşməlidir
Biraz öncə qeyd etdim, şagird sosiallaşmalıdır. Orta məktəbdə sosiallaşmalısan ki, ali təhsil alanda ictimailəşə biləsən. Tələbə ictimai həyatda aktiv olmalıdır. Tələbənin ictimai mövqeyi olmalıdır. Çünki, artıq tələbə nəzarət altında deyil, sərbəst öyrənib, müstəqil davranmalıdır. Sosiallaşmayan şagird, ictimailəşməyən tələbə havadan asılmış qalır. Tez əzilir, tez təslim olur və mənəvi olaraq məhv olur.
Bu gün isə tələbələrimiz az da olsa ictimailəşir. Bölgələrdə şagirdlərin sosiallaşmsı üçün tam şərait olmadığından bir çox tələbələrimiz universitet həyatında sosiallaşır. Əksəriyyət isə bu dövrü də boş keçirir.
Maddi və mənəvi olan hər şey uzun müddətli gələcəyi olanlarındır. Bunlar isə gənclər, tələbələrdir. Tələbələrimiz ictimai-siyasi həyata qoşulub, öz mövqeyini bildirməli, ümumi maraqlar uğrunda individual mənafelərindən imtina etməyi bacarmalıdırlar. Bu layihə də tələbələrimiz ictimailəşməsinə, cəmiyyətdə mühüm mövqe tutan millət vəkillərinə öz sözlərini demələrinə şərait yaradır.
Tələbələr məsuliyyətdən qorxmayıb, hər şeyə sahib çıxmalıdırlar. Öz gələcəklərinə…
Murad Əhməd
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi