Azərbaycanın dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir.
Lakin dövlət qurumlarında çalışan rəhbər şəxslər (nazirlər, komitə sədrləri və onlara bərabər tutulan orqanların rəhbərləri) maaşlarının nə qədər olduğu barədə ictimaiyyətin məlumatlanmasında maraqlı deyillər.
Modern.az saytı bu istiqamətdə araşdırmanı davam etdirir. Ötən gün Azərbaycan Müəllif Hüququları Agentliyində çalışan bütün işçilərinin sayı və onlara verilən aylıq vəzifə maaşının məbləğini barədə məlumat vermişdik. Qeyd edək ki, agentlik rəhbərliyinin özü də bu barədə məlumatın qurumun saytında yerləşdirilməsini təmin edib.
Digər dövlət orqanlarının saytlarında isə neçə nəfərin işlədiyi və kimin nə qədər maaş aldığı barədə məlumat yerləşdirilməyib.
Modern.az bu dəfə Hesablama Palatasının ştat cədvəlinə əsasən ayrı-ayrı vəzifələr üzrə aylıq vəzifə maaşları haqqında məlumatı oxucuların diqqətinə çatdırır.
Hesablama Palatasının rəsmi məlumatında bildirilib ki, qurumun sədri Heydər əsədovun aylıq vəzifə maaşı 1755 manatdır.
Sədrin müavini ayda 1657 manat məvacib alır. Hesablama Palatası auditorları da Azərbaycan reallığına görə, pis məvacib almırlar – ayda 1560 manat.
Palatanın aparat rəhbəri nin aylıq vəzifə maaşı 1550 manatdır. Qurumda şöbə müdirinə 1300, sədrin köməkçisinə 1040, şöbə müdirnin müavininə 970 manat maaş verilir.
Hesablama Palatasının aparatında sektor müdiri ayda 815 manat, baş məsləhətçi 745 manat, böyük məsləhətçi 720 manat, aparıcı məsləhətçi 700 manat, məsləhətçi 680 manat, aparatın baş mütəxəssis – inspektor 210 manat maaş alır.
Razılaşaq ki, digər dövlət orqanları ilə müqayisədə Hesablama Palatasında maaşlar kifayət qədər yüksəkdir. Bu da yəqin ondan irəli gəlir ki, dövlət orqanlarında audit yoxlamaları aparan qurumun əməkdaşlarına yüksək məbləğdə məvacib verilsin ki, işlərinə daha məsuliyyətli və obyektiv yanaşsınlar.
Modern.az