Modern.az

“Nə vaxtsa böyük bir kluba getsəm...” - Qurban Qurbanov

“Nə vaxtsa böyük bir kluba getsəm...” - Qurban Qurbanov

16 Dekabr 2022, 23:31

"İlin məşqçisi sevilmək mənim üçün xoş oldu. Mənə verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm".

 

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. 

 

"İlin məşqçisi" seçilən Qurbanov mükafatlandırma mərasimindən sonra diqqətçəkən açıqlamalar verib. O, əvvəlcə qeyd edib ki, 2022-ci il idman mediasının nümayəndələri üçün ağır il olub: 

 

"Bəlkə də bu il onlar üçün ən ağır illərdən biri oldu. Bizim avrokuboklardakı bütün oyunlarımız gərgin və maraqlı keçdi. Əvvəl müsahibəmdə də bildirmişdim ki, azarkeş baxımından ən maraqlı il oldu. Azərbaycan futbolunun sevilməsi, gələcək inkişafı üçün çox faydalı il yaşadıq. Futbolçular, məşqçilər kimi media nümayəndələri də gərgin idilər. Bunu mətbuat konfransınlarda görürdüm. Oyundan əvvəl həyəcanlı şəkildə suallar verirdiniz. Bizim yaşadığımız hissləri sizdə də gördüm. Hər birinizə təşəkkür edirəm. Bu il böyük futbolun dadını daha çox hiss etdik".

 

Baş məşqçi daha sonra 2022-ci ildə təəssüfləndiyi anlardan danışıb: "İndi deməyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım". 

 

Qurbanov "Qarabağ" azarkeşlərinə nə vəd verə bilərsiniz?" sualını belə cavablandırıb: "Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki, biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, "Qarabağ"dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəyəm". 

 

Tanınmış baş məşqçi "Qarabağ"ın futbolçusu, oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: 

 

"Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə, belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur". 

 

O, həmçinin hansısa xarici klubda baş məşqçilik edib-etməyəcəyinə də toxunub:

 

"Hazırda belə bir ehtimal yoxdur. Çox istərdim ki, "Qarabağ"a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir kluba getsəm, "Qarabağ"ı daha üstün tatacağam".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!