Ötən gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan yığması səfərdə İsveçin qonağı olub. Stokholm şəhərində təşkil olunan matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin biabırçı məğlubiyyətinə eitrazını bildirən azarkeşlər futbolçuları, məşqçi heyətini və AFFA rəhbərliyini tənqid atəşinə tutub.
Dövlət tərəfindən kifayət qədər vəsaitin ayrılmasına baxmayaraq, Azərbaycanda futbolun qara zolaqdan çıxa bilməməsinin səbəbi nədir? Problem baş məşqçidədir, yoxsa futbolçularda?
Bu barədə Moderna.z-a danışan milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev bildirib ki, məğlubiyyətə səbəb individual səhvlər olub:
“Sırf oyuna gəldikdə, başlanğıc pis deyildi. Sadəcə individual səhvlər çox oldu. Daha çox irəli atılmağa çalışırdılar. İsveç və Avstriya komandasına qarşı irəli atılmaq, arxada boşluqların yaranmasına gətirib çıxardı. Rəqib komandaların ustalığı yüksək səviyyədə olduğuna görə bundan maksimum istifadə edə bildilər. Komandamız 1:0 dan sonra nəyisə dəyişmək istədi. Ancaq 2:0-dan sonra məsələnin həll olunduğu görünürdü. Pafoslu danışmağa ehtiyac yoxdur. Azərbaycan futbolu hazırda Avstriyadan və İsveçdən qat-qat aşağıdır. Milli artıq pik nöqtədir. Klublar oyununda fərqlilik görünür. Məsələn, "Qarabağ"da legionerlər oyunun taleyini həll edirlər. Ancaq millidə sırf özümüzünkülər oynayır. İsveç, yaxud Avstriyanı məğlub edəcək səviyyədə deyilik”.
Şahin Diniyevin fikrincə, milli komandanın zəif çıxış etməsi bir sıra problemlərdən irəli gəlir:
“Biz birbaşa millini dəyərləndiririk. Ancaq buraya gələn yol uşaq futbolundan başlayır. Milli komanda piramidanın lap üst nöqtəsidir. Biz oranı görürük. Amma piramidanın aşağılarında böyük problemlər var. Həm futbol, həm çempionat, həm uşaq futbolunda, ümumiyyətlə, hər bir şeydə böyük problemlər var. Futbolun inkişafına dövlət pul ayıra bilər. Ancaq bu yetərli deyil. Hər şey pulla ölçülmür. Proseslər kompleks şəkildə getməlidir. Yəni çempionatda, yaxud uşaq futbolundakı problemləri ayrı-ayrılıqda aradan qaldırsaq, milli də yaxşı olacaq demək düzgün yanaşma deyil. Yəni burada heç nə tək bir şeyin üzərində qurulmayıb. Burada hər şey bir-biri ilə zəncirvari əlaqədədir. Problemin həllinə aşağıdan başlamaq lazımdır. Təməl sağlam olmalıdır. Təməl də uşaq futboludur. Premyer Liqada oynayan klublardan olsa, uşaq futbol komandası saxlamaz. Sadəcə UEFA-nın tələbləri var deyə, hər bir klub 10,11,12, 13,15, 17, 19 yaşa qədər komanda saxlamalıdır. Ancaq heç kəs uşaq futboluna pul xərcləmək istəmir. Ancaq əsas komanda olsun, UEFA zonasına düşsün istəyirlər. Klubların hamısı bunun üçün çalışır. Bu gün bir sıra komandalar əvəzedici heyətindən imtina edir. Belə olan halda 9-10 yaşlı uşaqlar kimə lazımdır? Ən yaxın qüvvə əvəzedici heyətdir. Bir çox komandalar onları çempionata buraxmaq istəmir. Buradan, yəni uşaq futbolundan başlamaq lazımdır. Beləliklə, 5-10 il sonra bu uşaqlar böyüyüb milliyə gələndə problemlər yaşanmaz. Bunun üçün kompleks proqram hazırlanmalıdır. Bu da bir federasiyanın işi deyil”.
Bəs biabırçı məğlubiyyətə görə, Canni De Byazi istefa verməlidirmi?
Ş.Diniyev suala cavabında deyib: “1992-ci ildən bu yana çox sayda məşqçi dəyişdirilib. Bundan sonra yaxşılığıa doğru nə dəyişib? Ola bilər ki, 2-3 oyun yaxşılığa doğru nəsə ola bilər. Bir sözlə, sürücünü yox, maşını dəyişmək lazımdır. Mən demirəm bütün futbolçuları dəyişək. Sadəcə olaraq, futbolçular yetişdirmək lazımdır. Bu gün hər hansı yüksək səviyyəli məşqçi gətirilsə, bu millini ya 10 faiz aşağı, ya da10 faiz yuxarı edəcək. Potensial var. Məsələn, "Barselona" və "Real Madrid" komandalarını götürək. Bu klublara yaxşı məşqçi gəlsə, bunlar çempion olacaqlar. Pis məşqçi gəlsə, maksimum 3-cü yerdə qərarlaşacaqlar. Bizdə də yaxşı məşqçi gələcək 5 xal yox, 7 bal yığacağıq. Ən pis xalda 3 xal toplayacağıq. Məşqçini dəyişdirməklə nəyinsə dəyişəcəyini düşünmək düzgün yanaşma deyil. İndiyə kimi biz bunu etmiş, lakin heç bir nəticə əldə edə bilməmişiksə, deməli, problem orada deyil. Dünyanın ən yaxşı məşqçisini gətirək, bu milli ilə nə edə bilər? Baş məşqçinin əlində material olmalıdır ki, öz taktikasını yeridə bilsin. Biz oyuna kənardan baxırıq. Ailənin içərisində olan problemi ancaq ata-ana bilə bilər. Qonşular problemi hiss etmir. Çünki hər sabah bu insanlar evdən gülə-gülə çıxır, gülə-gülə qayıdır. Futbolda da belədir. Məşqçilər oyunçuların psixoloji durumu, oyuna motivasiyası, oyunun taktikası ilə məşğul olurlar. İndi o elə görür. Hərənin bir tərzi var. Şahmatla futbolun fərqi var. Şahmatı hamı oynayır, heç kəs bilmir. Futbolu hər kəs oynaya bilmir, ancaq hamı bilir. Hərənin öz heyəti, öz 11-liyi var. Bu saat onun gördüyü odur. Mən məşqçini müdafiə etmək fikrində deyiləm. Özüm də məşqçiyəm. Mən bu gün görürəm ki, Vəli Əlidən daha hazırlıqlıdır. Ancaq oyunun gedişində səhv etdiyini görürsən. Futbolçu bir oyunda 77 səhv edir. Məşqçi də səhv edə bilər də. İndi ortada fakt var. Birinci yarıda gənc qapıçının olması risk idi. Tutsa ondan yaxşısı olmayacaqdı. Tutmayanda ondan pisi olmur. Yəni orta yoxdur. Boşluqların yaranmasında yarımmüdafiəçilərin geri qayıtmamasının böyük günahı var. Ona qədər top harada itdi, kim topu almağa getmədi, ayağını çəkdi? Bax, belə məsələlər var. Ancaq bütün günahı məşqçinin üzərinə atmaq düzgün deyil”.