Modern.az

Bayrağımızın yandırılmasına beynəlxalq REAKSİYALAR - Üzr istəməlidirlər!

Bayrağımızın yandırılmasına beynəlxalq REAKSİYALAR - Üzr istəməlidirlər!

İdman

17 Aprel 2023, 12:54

Aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni təxribatçı Azərbaycan bayrağını yandırmağa cəhd edib. 

 

Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.

 

Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. Hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb.

 

Modern.az bildirir ki, Ermənistanın paytaxtında Azərbaycan bayrağına qarşı təxribata beynəlxalq reaksiyalar da gecikməyib.  

 

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni qəti şəkildə qınayıb.

 

"Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair bir hücum kimi nəzərdən keçirir. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir", - Federasiyanın bəyanatda qeyd olunub. 

 

Növbəti reaksiya Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıdan gəlib. O, idman yarışında belə hadisənin qəbuledilməz olduğunu deyib: “Beynəlxalq bir idman yarışının açılışında Azərbaycan bayrağına qarşı edilən hücum əsla qəbuledilməzdir. Bunu bir birmənalı olaraq qınayırıq". 

 

Pakistanlı beynəlxalq ekspert Qayser Navab da Ermənistanın paytaxtı İrəvanda keçirilən idman yarışında Azərbaycan bayrağının yandırılmasını pisləyib. 

 

“Milli simvollara qarşı bu cür hörmətsizlik halları yolverilməzdir və ədalətli oyuna, idman ruhuna ziddir. Yadda saxlamaq lazımdır ki, idman siyasi və ya münaqişə ilə bağlı məsələlər üçün platforma kimi istifadə edilməməlidir. İdmançılar və tamaşaçılar milli, etnik mənsubiyyətinə görə heç bir ayrı-seçkilik ,zorakılıq olmadan idman tədbirlərindən həzz almalıdırlar. Bu hadisə xalqlar arasında sülh və harmoniyanın zəruriliyini tələb edir və bununla tərəfləri parçalanma və münaqişələri davam etdirməkdən çəkinməyə çağırmalıyıq”. 

Bundan əlavə, ekspert  Ermənistanın beynəlxalq tədbirlər keçirə bilmədiyi faktına da diqqət çəkib: “Dünya ictimaiyyətini bunu nəzərə almağa çağırırıq. Ev sahibi ölkələrin milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçıların, tamaşaçıların təhlükəsizliyini və rifahını təmin etmək çox vacibdir”. 

 

Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Qule deyib ki, Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü il bəyanatında təxribatla bağlı Azərbaycandan üzr istəməyib.

 

“Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü il bəyanatında ermənilərin Azərbaycan bayrağına qarşı təxribatını qınayır, amma hər hansı tədbir və ya üzr istəmir”,- deyə o bildirib.   

 

Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov  hadisə ilə bağlı bildirib ki, bu sadəcə qəbuledilməz xətadır: 

 

“Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağına qarşı törədilən təxribat qəbuledilməzdir. Buna eyni zamanda beynəlxalq ictimaiyyət də sərt reaksiyasını verməlidir. Beynəlxalq idman yarışında belə bir addımın atılması sadəcə dəhşətdir”. 

 

İsrailli ekspert Mixail Finkel də bayrağa qarşı atılan addımı qınayıb.  

“İdman yarışları siyasi məsədlər üçün istifadə edilməməlidir. İrəvanda Azərbaycan bayrağına qarşı atılan addım sərt qınanmalı və üzr istənilməlidir. Bu,həmçinin iştirakçıların psixologiyasına və təhlükəsizliyinə ağır zərbələr deməkdir. Ona görə də Azərbaycanın imtina qərarı doğrudur”,- deyə o vurğulayıb.  

 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 nəfərlik nümayəndə heyəti ilə təmsil edirdi. Bayrağımıza qarşı təxribatdan sonra Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər Azərbaycana qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?