Azərbaycanın üç yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Modern.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan 72 kq çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə, 82 kq-da Rafiq Hüseynov və 67 kq-da Həsrət Cəfərov qələbə qazanıb.
R.Hüseynov finala gedən yolda Burhan Akbudakla (Türkiyə), Ü.Qənizadə onun həmyerlisi Selcuk Canla, H.Cəfərov isə Murat Fıratla üz-üzə gələcək.
60 kq-da çıxış edən Nihat Məmmədli 1/8 finalda Edmond Nazaryana (Bolqarıstan), 97 kq-da Arif Niftullayev eyni raundda Artur Omarova (Çexiya) uduzub.
Bu gün, həmçinin dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-da Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-da Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-da Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-da İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.
Yarış aprelin 23-də başa çatacaq.