Modern.az

AFFA-dan “Neftçi”yə 20 minlik cərimə

AFFA-dan “Neftçi”yə 20 minlik cərimə

3 May 2023, 17:10

Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”la keçirilən oyunda qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Vojislav Stankoviçin cəzası açıqlanıb.

 

Modern.az xəbər verir ki, AFFA İntizam Komitəsi təcavüzkar davranış səbəbindən serbiyalı futbolçuya 2 oyunluq cəza kəsib.

 

Bu, “ağ-qaralar”ın 1600 manat cərimələnməsinə səbəb olub. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması bakılılara əlavə 1600 manatlıq cərimə bahasına başa gəlib.

 

Bundan başqa, hər iki klub azarkeşlərinin davranışı ucbatından xərcə düşüb. Həm “Neftçi”, həm də “Qarabağ”ın fanatları meydançaya yad əşyalar atıblar. Həmçinin, onların kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadə işlətmələri də diqqətdən yayınmayıb. Bütün bunlar “Neftçi” və “Qarabağ”ın hərəsinin əlavə olaraq 5600 manat cərimələnməsinə yol açıb.

 

Bundan başqa AFFA “Neftçi”ni Azərbaycan Kubokunun yarımfinalının cavab matçına görə də cərimələyib. 

 

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

 

“Neftçi” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

 

“Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 49.6);

 

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

 

“Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanır, klubu 4000 manat cərimə edilir (maddə 41.4);

 

Ümumilikdə iki oyuna görə, “Neftçi” 20 min 800 manat cərimələnib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!