Modern.az

“Əziz Şuşa” velosiped yarışı başa çatdı - YENİLƏNİB

“Əziz Şuşa” velosiped yarışı başa çatdı - YENİLƏNİB

İdman

11 İyun 2023, 15:09

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.

 

Modern.az xəbər verir ki, bu gün beşinci - sonuncu mərhələ keçirilib. Axırıncı raundda Beyləqan İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Şuşa şəhərinin girişində yekunlaşıb.

 

İdmançılar bu istiqamət üzrə 132,2 km məsafə qət ediblər. Son yarışda finişə hamıdan tez çatan velosipedçi yenə italiyalı Emanuele Ansaloni olub. 2-3-cü yerlərdə Rumıniya millisinin üzvləri qərarlaşıblar. İkinci yeri Kristian Raileanu, üçüncülüyü isə Adi-Narçis Marçu tutub.

 

Son turda da liderliyi heç kimə verməyən Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.

 

Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olaraq, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın "Team Technipes" klubu turniri birinciliklə yekunlaşdırıb.

 

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.

 

***

10:42

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında beşinci - sonuncu mərhələ start götürüb.

 

Modern.az xəbər verir ki, velosipedçilər Beyləqandan mübarizəyə başlayıblar.

 

12 komandanın 73 idmançısı Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 132,2 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq.

 

Qeyd edək ki, geridə qalan dörd mərhələdən sonra turnirə italiyalı Emanuele Ansaloni liderlik edir.

 

***

08:51

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başa çatacaq.

 

Modern.az xəbər verir ki, beşinci - sonuncu mərhələ Beyləqandan Şuşaya doğru nəzərdə tutulub.

 

Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər. Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.

 

Qeyd edək ki, iyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik edir. Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü