Bu gün qalib gələcəyimi hiss edirdim.
Modern.az xəbər verir ki, bunu III Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran karateçi Tural Ağalarzadə deyib.
Qələbəsi ilə tarix yazdığını bildirən karateçi qeyd edib ki, bunu sözlərlə ifadə etmək mümkün deyil: “Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan dövlətimizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm.
Finaladək çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu olan yunanıstanlı karateçi ilə üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim", - deyə III Avropa Oyunlarının qalibi əlavə edib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Yarış 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.