Daha iki taekvondoçumuzun Polşada keçirilən III Avropa Oyunlarında ilk rəqibləri müəyyənləşib.
Modern.az xəbər verir ki, iyunun 25-də dayanq üzərinə çıxacaq millimizin üzvlərindən Eltac Qafarov (74 kq) səkkizdəbir finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.
Azərbaycan taekvondoçularının hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə ediblər.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib.
Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.