Artıq ikinci dəfədir Mingəçevirdə bu layihəni həyata keçiririk. Ötən illə müqayisədə budəfəki yarışa üç dəfə çox iştirakçı qatılıb ki, bu da bizi sevindirir.
Modern.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirdə keçirilən “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yarışın təşkilində məqsəd bu idman növünün təbliği və əhalinin sağlamlığıdır:
“İnanıram ki, növbəti illərdə daha çox iştirakçı olacaq. Azərbaycanın müxtəlif rayonlarından insanları dəvət etmişdik. Onların əksəriyyəti müəyyən olunmuş məsafəni qət edərək sonadək üzə bildi. Bu, daha çox kütləvi tədbir hesab olunur. Əhalini idmana cəlb etmək məqsədilə bu cür tədbirlər keçiririk. Burada məqsədimiz peşəkar idmançılarla yarışmaq deyil. Podiumda müxtəlif yaşda olan insanlar, xanımlar var idi. Ata ilə oğlu, nəvə ilə babanı da turnirdə görə bilərdiniz".