Azərbaycan millisinin və “Adana Demirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasının III turundan təxirə salınmış matçda “Beşiktaş”a qarşı oynaya bilməyəcək.
Modern.az xəbər verir ki, buna səbəb ölkə çempionatının reqlamentidir. Qaydalara əsasən, 29 yaşlı qolkiper sözügedən görüşün ilk tarixindən (28 avqust) sonra transfer edildiyi üçün meydana çıxa bilməyəcək.
Təcrübəli qapıçı ilə yanaşı, daha 6 futbolçu analoji səbəbdən İstanbul nəhəngi ilə qarşılaşmanı buraxacaq. Həmçinin 3 oyunçu “Kasımpaşa”ya qarşı son turun matçında (1:2) qırmızı vərəqə aldığı üçün növbəti görüşü buraxacaqlar. Bu isə o deməkdir ki, Adana təmsilçisi “Beşiktaş”la oyunda ümumilikdə 10 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, “Adana Demirspor” – “Beşiktaş” matçı sentyabrın 27-də keçiriləcək.