“Avro-2024”ün seçmə mərhələsinin qrup oyununda Belçikaya 0:5 hesabı ilə məğlub olan futbol üzrə Azərbaycan milli komandasının italiyalı baş məşqçisi Canni De Byazi yenidən medianın diqqət mərkəzinə düşüb. Azərbaycan jurnalistlərini təhqir edən əcnəbi baş məşqçiyə görə AFFA-nın baş katibi üzr istəyib.
Modern.az xəbər verir ki, idman jurnalistləri zaman-zaman Canni De Byazinin ölkəmizdəki qazancını araşdırmağa çalışıblar.
Tanınmış idman jurnalisti, “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadənin araşdırmasına əsasən, italiyalı Canni De Byazinin millimizdəki qazancı Azərbaycan reallığı üçün böyük rəqəmdir.
Belə ki, De Byazi 2020-ci ilin iyulunda AFFA ilə 1,5 illik müqavilə bağlayıb və aylıq maaşı 50 min avro təşkil edib (Sportal.az).
Daha sonra 2022-ci il üçün müqaviləsini uzadanda maaşı azaldılaraq təxminən ayda 25 min avro (Football-plus.az) və ya 50 min manat (FutbolPress.az) məbləğində olub.
Sonra yenidən 2023-cü il üçün müqaviləsini artıranda aylıq gəlirinin təxminən 50-75 min avro olduğu bildirilib (Fanat.az, Aut.az).
Bundan başqa, 2020-ci ildə belə məlumat vardı:
“De Byazi Azərbaycana özü ilə bərabər 5 köməkçi gətirib. Rekord.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, federasiya ümumilikdə bir il üçün italyanlara 5 milyon dollara yaxın pul xərcləyəcək. Buraya onların illik maaşı, ev, avtomobil kirayəsi, telefon danışıq xərcləri, il ərzində İtaliyaya gediş-gəliş bilet və s. xırda xərclər də daxildi”.
2022-ci ildə də belə məlumat olub:
“Aut.az-a məlumat verən AFFA-dakı mənbə bildirib ki, De Byazi müqaviləyə qol çəkərkən paket şəklində 1 milyon avronu cibinə qoyub. Müqavilədə göstərilən məbləğ isə onun aylıq aldığı vəsaitdir ki, heç bu da az deyil, təxminən 15 min avro. Yəni Canni ölkəmizdə ilə 1 milyon 200 min avro qazanır. Onun köməkçiləri ilə də belə anlaşılıb”.
A.Qorxmaz