Modern.az

Günah təkcə De Byazidə idi? - İdman jurnalistləri AFFA-da dəyişiklik İSTƏYİR

Günah təkcə De Byazidə idi? - İdman jurnalistləri AFFA-da dəyişiklik İSTƏYİR

22 Noyabr 2023, 13:08

Azərbaycan milli futbol komandasının italiyalı baş məşqçisi Canni De Byazi tutduğu vəzifədən uzaqlaşdırlıb. Belə ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında italiyalı mütəxəssislə müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

De Byazi Azərbaycan millisinə nə verdi və o, necə xatırlanacaq?

Modern.az bu sualla idman jurnalistlərinə müraciət edib

Qol.az saytının baş redaktoru Aydın Bağırov Canni De Byazinin müqaviləsinin uzadılmamasının səbəblərini belə izah edib:

“Güman edirəm ki, AFFA İcraiyyə Komitəsinin üzvləri onun qalmasını istəməyib. Ümumiyyətlə, Canni De Byazi bundan əvvəl Azərbaycan milli komandasının Millətlər Liqası, Dünya Çempionatının seçmə mərhələlərində lazım olan nəticələri qazanmayıb. Onun fəaliyyəti dönəmində Azərbaycan millisində narazılıqlar çox kəskin həddə çatmışdı. Futbolçularla onun arasında ictimaiyyətin bilmədiyi bir çox məsələlər vardı. Futbolçular arasında ayrı-seçkilik yaranmışdı. Məşqçinin özünün sistem dəyişiklikliyi ilə bağlı ciddi problemləri vardı. Əcnəbi futbolçuların milliyə cəlb olunması həm yerli medianın, həm də futbol ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Bütün bu addımlar nəticə olaraq, Azərbaycan milli komandasının oyunlarına öz mənfi təsirini göstərmişdi.
De Byazi ilə müqavilənin müddətinin artırılmasının bir xeyri də olmayacaqdı. Bir neçə gün öncə jurnalistlərə qarşı etdiyi ədəbsizlikdən sonra onun məşqçi kimi saxlanılması həm Azərbaycan futbol ictimaiyyətinə, həm də bütün KİV nümayəndələrinə qarşı hörmətsizlik ola bilərdi. Bu mənada onun getməsi yaxşı oldu”.

Aydın Bağırov milli komandanın sükanı arxasına mütləq surətdə yerli məşqçinin gətirilməli olduğunu vurğulayıb:
 

“AFFA-nın rəhbərliyi və İcraiyyə Komitəsi Canni De Byazinin fəaliyyətini, eləcədə də bundan əvvəlki xarici məşqçi modelinin Azərbaycana xeyir vermədiyini nəzərə almalıdır. Bütün bu proseslərdən dərs çıxarmaq lazımdır. Azərbaycan millisinə xeyir vermədiyi, onlara xərclənən milyonların havaya sovrulduğunu nəzərə alaraq, bundan sonra milli komandaya mütləq yerli baş məşqçi gətirilməlidir!”

 
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev De Byazinin jurnlistlərə qarşı hörmətsizliyindən sonra məşqçi kimi qalmasının mümkünsüz olduğunu vurğulayıb:
 

"Futbol faktlara bağlı bir oyundur. Baş məşqçinin fəaliyyəti də faktlarla ölçülür. De Byazinin 5-10 faiz qalmaq ehtimalı bəlkə də vardı. Amma onun jurnalistlərə qarşı təhqiramiz ifadələr səsləndirməsi bu ehtimalı da aradan qaldırdı. Bundan sonra onun baş məşqçi kimi vəzifəsinə davam etməsi mümkünsüz idi". 

Ş.Diniyev məşqçinin vəzifəsindən kənarlaşdırılmasının çıxış yolu olmadığını söyləyib:
 

"Uzun illərdir ki, eyni fikirlər səsləndirilir və eyni qərarlar verilir. Biz problemi baş məşqçidə axtarırıq. Bu, yanlış qərardır. 32 illik təcrübə göstərir ki, səhv baş məşqçidə deyil. Problemi yerli, xarici olub-olmamasından asılı olmayaraq baş məşqçidə görürüksə və hər 3-4 ildən bir onlarla yolları ayırırıqsa, buna baxmayaraq yeni məşqçi də eyni səhvləri təkrarlayırsa, deməli, məsələnin çıxış yolu fərqlidir. Bəzi məsələləri həll etmək lazımdır ki, baş məşqçiyə az ehtiyac olsun".

İdman jurnalisti İqbal Aslanov De Byazinin əvvəlcədən milliyə baş məşqçi seçilməsinin yanlış qərar olduğunu düşünür:
 

"De Byazi ilə müqavilənin uzadılmamasının səbəbi göz qabağındadır. De Byazinin təyin olunmağı onsuz da səhv qərar idi. Amma onun gəlib-getməyi ilə məsələ həll olunmayacaq. Futbolumuzu köklü şəkildə inkişaf etdirmək lazımdır. Məncə, yerli məşqçiyə ehtiyac var və həmişə deyildiyi kimi, aşağı yaş qruplarına xüsusi diqqət yetirmək lazımdır".

Tanınmış telejurnalist İlkin Xəlilov De Byazinin getməsi ilə Azərbaycan futbolunun problemlərdən birindən xilas olduğunu söyləyib:
 

"Azərbaycan futbolu daha bir "paz"dan, özü də lap həyasızından - canını qurtardı. Düzdür, daha böyük "pazlar" hələ yerindədir. Onların vaxtı martda çatacaq. Ona görə bu məsələlərdən anlamayan, seçki nədir, AFFA-da rəhbərlik necə dəyişir və s.-dən qanmayanlar jurnalistə cəsarət öyrətməyi özündə saxlasın.
"Byazilik heç nə yoxdur" deyənlər, bunu biz də bilirik. Ona görə deyirik ki, Byazi və ya qeyri bir xaricinin burada nə iti azıb, madam ki, bu futbolçularla 7-8 xaldan artıq yığmaq mümkün deyil, onda, qoy, öz məşqçilərimiz işləsin. Estoniyanı hər 2 oyunda udmağı bacaran Tərlan Əhmədov da bacarar, Samir Abasov da. İsveç kimi komandalardan isə 30 ildə hər tsikldə birinə qalib gəlmişik (İsveçrə, Slovakiya, Serbiya, Türkiyə). Abırlı gəlib, abırsız gedən, Byazidən canımız qurtardı. İndi qaldı əsas məsələ - AFFA-da dəyişiklik...".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi