2020-ci ilin iyulunda millinin baş məşqçi postuna təyin olunan italiyalı mütəxəssis etimadı doğrultmadı.
Yığma onun rəhbərliyi altında 3 il ərzində 4 seçmə mərhələdə mübarizə aparsa da, futbolsevərləri sevindirə bilmədi. AFFA İcraiyyə Komitəsi onunla yolları ayırmaq qərarı verdi.
Canni De Byazinin Azərbaycan Milli Komandasından qalmaqallı gedişindən sonra futbol camiyasını ən çox maraqlandıran suallardan biri millinin “sükanı arxası”na kimin keçəcəyidir.
3 ildir Azərbaycan millisinə rəhbərlik edən De Byazi bu vəzifədə olan ilk xarici mütəxəssis deyil. Bundan əvvəl Berti Foqs millimizin 71 oyununda ona rəhbərlik edib və 6 il komandanın baş məşqçisi olub. O, Azərbaycan millisinə ən uzun müddət rəhbərlik edən baş məşqçidir. Robert Prosineçki, Nikola Yurçeviç, Karlos Alberto Torres kimi mütəxəssislər də Azərbaycan millisində çalışıb. Bəziləri millinin sükanı arxasına xarici mütəxəssislərin gətirilməsi praktikasına son verilməsinin tərəfdarıdır.
Deputat Aqil Abbas Modern.az-a açıqlamasında milliyə yerli məşqçinin başçılıq etməli olduğunu bildiirb.
“De Byazinin müqavilə müddəti bitmişdi, gedəndə də minnət qoydu, amma istəsəydi qalardı. Fikirləşirəm ki, azərbaycanlı mütəxəssis gəlməlidir. Xarici mütəxəssislərin heç biri bir qələt edə bilməyib. Gəlib pullarını qazanıb, keflərini çəkiblər, gedəndə şantaj ediblər. Amma yenə də De Byaziyə oxşayan birini gətirəcəklər. Hazırda Azərbaycan çempionatı gərgin keçir. Yaxşı məşqçilər var. Milliyə azərbaycanlı mütəxəssis gəlsə, komanda uğur qazanar. Azərbaycanlı futbolçular gücləri çatan qədər çalışıb vuruşurlar.”
Qol.az saytının baş redaktoru Aydın Bağırov da yerli mütəxəssisin tərəfadarıdır.
“Bununla bağlı biz dəfələrlə demişik ki, komandaya yerli mütəxəssis lazımdır. Milli komandada xarici məşqçilər özünü doğrulda bilmir. Bizim taktikaya bələd deyillər, yerli futbolçularla anlaşmaqda problem yaşayırlar. Bizim kifayət qədər potensiallı yerli mütəxəssislərimiz var. Onlardan biri də milli komandaya təyin olunsa daha yaxşı olar”.
Futbol şərhçisi, jurnalist Tural Məmmədlinin fikrincə, xarici mütəxəssislərlə bağlı təcrübəyə ara vermək lazımdır.
"Xarici məşqçilərə verilən vaxtı yerli mütəxəssislərə versək daha məqsədə uyğun olar. Düşünürəm ki, milli komandaya təsiri istər futbolçuların tanınmasında, istərsə də anlaşma baxımından olsun daha yaxşı olar. Onsuz da böyük anbisiyalarımız yoxdur. Bu dəqiqə istəyirsən Maurinyo, Qvardiolanı gətir yenə də yüksək nəticə olan deyil. Ona görə də xarici mütəxəssislərə bu qədər pul xərcləməkdənsə, yerli məşqçiyə həmin ödənişi edib, daha da həvəsləndirib və vaxt verib ondan hər hansı bir uğuru qazanmaq mümkündür. Yerli mütəxəssislər arasında namizədlərimiz kifayət qədərdir. Mən o zaman Qurban Qurbanovun millidən getməyinin qəti əleyhinə idim. Ona vaxt verilməli idi. Düşünürəm ki, vaxt verilsəydi daha yaxşı nəticələr olacaqdı”.
Azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu Ceyhun Sultanov da məsələyə münasibət bildirib:
“Fikrimcə bu gün xarici məşqçinin bizim milli komandaya xeyir verəcəyi görünmür. Qəti fikrim budur ki, yerli məşqçi olmaldır. Planlı şəkildə bir şey olmasa heç bir inkişafdan danışmaq olmaz. Bu gün Maurinyonu gətirsən belə heç bir şey dəyişməyəcək. Yerli məşqçiyə verilən maaş xariciyə veriləndən azdır.”
İsmayıl Bakuvi