Modern.az

Hərbçilər arasında güləş üzrə dünya çempionatının açılışı

Hərbçilər arasında güləş üzrə dünya çempionatının açılışı

İdman

28 Noyabr 2023, 16:20

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının keçirilməsi münasibəti ilə ölkəmizə dəvət olunmuş Beynəlxalq Hərbi İdman Şurasının nümayəndələri, çempionatın təşkilat komitəsinin rəhbərliyi və komandaların idarə heyəti tərəfindən Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların xatirəsi anılaraq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

 

Daha sonra 27 noyabr - 3 dekabr tarixlərində Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Mərkəzində keçiriləcək çempionatın açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında beynəlxalq nüfuzlu yarışın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların en yüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə qeyd olunub.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ve Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilmiş uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı bildirilib.

 

Güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak edecəyi vurğulanıb.

 

Dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, İtaliya, İsveçrə, İran, Belarus, Ruminya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniya) müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançının və 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakim qrupunun yer alacağı barədə media nümayəndələrinə məlumat verilib.

 

Sonda yarışların keçirilməsinə dair bütün texniki məsələlərin nəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davam etdirildiyi bildirilib, çempionatda mübarizə aparacaq idmançılara müvəffəqiyyətlər arzulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı