“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı altıncı matçında Bakıda İsveçin “Hekken” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma “köhlən atlar"”n 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab erkən qolla açılıb. Azərbaycan çempionunun heyətində Leandro Andrade birinci dəqiqədə komandasını önə keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə isə Yassin Benzia baxımlı zərbə ilə ikinci topu qonaqların qapısından keçirib.
İkinci hissədə “Qarabağ” meydanda azlıqda qalıb. Sağ cinah müdafiəçisi Marko Veşoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 90+4-cü dəqiqədə Bədavi Hüseynov topu başla öz qapısına göndərərək fərqin azalmasına səbəb olub. Ancaq qələbə hesabını qoruyan ağdamlılar Azərbaycan futbolunda yeni tarix yazıb. Xallarını 10-a çatdıran komanda ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
H qrupunun digər oyununda “Bayer” Almaniyada Norveç “Molde”sini darmadağın edib - 5:1.
Qeyd edək ki, pley-off mərhələsində "Qarabağ" Çempionlar Liqasında öz qrupunu üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisinin potensial rəqibləri aşağıdakılardır:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)
"Qarabağ"ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək..
***
22:34
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.
***
21:46
"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar.
“Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməlidir. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.
Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək. “Qarabağ” məğlub olacağı halda, “Molde”nin də Almaniyada xal itirməsini arzulayacaq.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
21:45. “Qarabağ” – “Hekken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.