Azərbaycanı UEFA Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək "Qarabağ" klubu Portuqaliya təmsilçisi "Braqa" ilə qarşılaşacaq. "Braqa" UEFA Çempionlar Liqasının oyunlarında qrup üçüncüsü olduğuna görə Avropa Liqasına düşüb.
“Qarabağ”ın portuqallarla ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə olacaq. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
1921-ci ildə yaradılan “Braqa” daha çox 2000-ci illərdən sonra məşhurlaşmağa başlayıb. “Böyük üçlük”dən (“Benfika”, “Porto” və “Sportinq”) sonra ən çox titul qazanan kluba çevrilib. Onlar Avropa meydanlarında da müəyyən uğurlar qazanıb. Potuqaliya təmsilçisi 2008-ci ildə UEFA İntertoto Kubokunu qazanıb. Ölkəsinin bunu bacaran yeganə klubu olaraq tarixə düşüb. “Braqa” ölkə daxilində 6 dəfə kubok qazanıb.
Maraqlıdır, oyun necə keçəcək? "Qarabağ"ın qalib gəlmək ehtimalı varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev "Braqa"yla oyunun "Qarabağ" üçün çətin olacağını bildirib:
"Braqa", həqiqətən də, güclü komandadır. Əgər çempionlar liqasının 3-cü komandası ilə oynayırsansa, bunu gözə almalısan. "Braqa" Portuqaliyada liderlər qrupunda olan bir komandadır. Ümumiyyətlə "Braqa" komandası sürətli və texnikalı oyun nümayiş etdirir. Bu, "Qarabağ" üçün biraz təhlükəlidir. Ona görə ki "Qarabağ" atletik, fiziki futbol oynayan komandalara qarşı daha yaxşı oynaya bilir. Qarabağın özü sürətli və drivilinq texnikaya malik bir komanda olduğu üçün onu çətin oyun gözləyir. Heç kəs asan oyun gözləməsin".
Ş.Diniyev "Qarabağ"ın həmişə təəccübləndirməyi bacardığını vurğulayıb:
"Düşünürəm ki, bu dəfə də eyni hal təkrarlana bilər. "Qarabağ"a uğurlar arzulayıram. Ən azından layiqli bir oyun keçirəcəyinə tam əminəm. Şans həmişə var. "Qarabağ" Avropanın orta komandalarının hər birinə qarşı oynayıb. Kifayət qədər təcrübəsi var".
Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunun çətin olacağını, lakin futbolun sensasiyalı oyun olduğunu söyləyib:
“Qarabağ”ın Avroliqanın pley-off mərhələsində rəqibi Portuqaliya komandası “Braqa” oldu. Hazırda yerli liqada 4-cü olan bu komanda Çempionlar Liqasının üçüncüsü kimi 1/16 finalda iştirak edəcək. Onlar “Real”, “Napoli” və “Union” Berlinin yer aldığı qrupda 4 xal toplayıblar (almanlarla oyunda). Bu mərhələdə bütün rəqiblər “Qarabağ” üçün təhlükəli idi. Ya da belə deyək, kağız üzərində növbəti mərhələyə keçmək şansı ən az olan məhz bizimkilərdir. Amma bir daha qeyd edək: futbol sensasiyaların bol olduğu oyundur!".
A.Bağırov "Qarabağ"ın bir sıra üstünlüklərindən də bəhs edib:
"Hələlik “Qarabağ”ın yeganə üstünlüyü odur ki, cavab matçını Bakıda keçirəcək. Bir də “Qarabağ”ın bir çox legioner oyunçusu məhz Portuqaliya liqalarından Azərbaycana gəlib. Yəni Portuqaliya futboluna yaxından bələddirlər. Onlardan Juninyo, Leandro Andrade, Julio Romaonun “Braqa” ilə matçlarda start heyətdə olmaq ehtimalı yüksəkdir. Amma Medina (o da Portuqaliya liqasından gəlib) və Veşoviçin yoxluğu müdafiə xəttində ciddi problemlər yarada bilər.
İstənilən halda nəticənin necə olmasından asılı olmayaraq, “Qarabağ” bu mövsüm Avroliqada öz missiyasını layiqincə yerinə yetirib".
İdman şərhçisi İqbal Aslanov isə "Braqa"nın arzuolunan rəqib olmadığını deyib:
"Məncə, çox çətin oyun olacaq. Portuqaliya klublarının, demək olar, hamısı olduqca atletik, dinamik futbol oynayırlar. Texnikalı futbolçuları çoxdur. Komandanın Joao Moutinyo kimi millidə oynamış təcrübəli futbolçusu var, bundan başqa, Qalatasaraydan tanıdığımız Brumaları var. Arzuolunan rəqib deyil, amma pley-off mərhələsidir, güclülər qalıb. Qarabağ üçün üstün cəhət o ola bilər ki, komandanın üzərində psixoloji təzyiq olmayacaq, "pley-off"a çıxmaqla çox böyük uğur qazanıb artıq. Mərhələni keçmək çətin görünür, amma təbii ki, əksini istəyirik".