Dünya şahmat tacının keçmiş sahibi, norveçli Maqnus Karlsen Namizədlər Turnirində iştirak etmək niyyətində deyil.
Modern.az xəbər verir ki, şahmatçı bunu "chess.com" saytına müsahibəsində bildirib.
Müsabiqə 2024-cü ilin aprelində Torontoda keçiriləcək. Şahmatçının sözlərinə görə, turnirdə iştirak ona həzz verməyəcək: “Mən Namizədlər Turnirində iştirak etməyəcəyəm. Bu barədə narahat olmayın! Deyərdim ki, əsas səbəb ondan həzz almamağımdır”.
Daha əvvəl Beynəlxalq Şahmat Federasiyası (FIDE) onun yarışda iştirak edənlər arasında olduğunu açıqlamışdı. Siyahıya həmçinin ABŞ-dan Fabiano Karuana və Hikaru Nakamura, Hindistandan Vidit Santoş Qucrati, Qukeş Dommaraju və Rameşbabu Praqnanandha, fransalı Alireza Firuzca və rusiyalı İan Nepomniaxçi də daxil edilib.
Maqnus Karlsen 2013-cü ildə şahmat üzrə dünya çempionu olub. Daha sonra üç dəfə titulunu qoruyub. 2022-ci ildə norveçli şahmatçı rusiyalı qrossmeyster İan Nepomniaxçi ilə ikinci oyunu keçirməkdən imtina edib və bununla da titulunu itirib.