Modern.az

Vadim Vasilyevin vəziyyəti ağırdır

Vadim Vasilyevin vəziyyəti ağırdır

İdman

13 Fevral 2024, 16:34

Ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu açıqlanıb.

 

Modern.az xəbər verir ki, veteran hücumçunun müalicə aldığı özəl klinikadan AZƏRTAC-a bildirilib ki, aparılan müalicə fonunda müsbət dinamika müşahidə olunsa da, xəstənin ümumi vəziyyəti ağır-stabil olaraq qalır.

 

“Vadim Vasilyev fevralın 11-də klinikamıza daxil olarkən, vəziyyəti ağır olaraq qiymətləndirilib, huşu aydın olsa da, təmas qurmaqda çətinlik çəkirdi. Xəstədə soltərəfli hemiplegiya müşahidə olunurdu və udma aktı pozulmuşdu. Yaxınlarının sözlərinə görə, fevralın 10-da xəstənin vəziyyəti qəflətən pisləşib və xəstəxanaya müraciət olunub. Onda arterial təzyiqin yüksəlməsi qeyd olunub, ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Lakin sonradan xəstənin vəziyyəti yenidən pisləşib, kəskin baş ağrısı, qusma, sol yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu, nitqdə nisbi ləngimə kimi simptomlar meydana çıxıb. Bu vəziyyətdən sonra isə xəstə yaxınları klinikamıza müraciət edib, V.Vasilyev təcili tibbi yardım briqadasının müşayiəti ilə klinikaya gətirilib. Aparılan ilkin tibbi müayinələrdən sonra o, işemik insult ilkin diaqnozu ilə reanimatologiya şöbəsinə hospitalizasiya olunub.

 

Xəstədən toplanan anamnez, həmçinin aparılan intstrumental, laborator müayinələr nəticəsində ona kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.

 

Xəstədən toplanan anamnezə görə, 10 gün əvvəl temperatur, öskürək əlamətləri ilə virus infeksiyası keçirib. Hazırda öskürək şikayətləri davam etdiyindən həkim-pulmonoloq tərəfindən xəstəyə baxış keçirilib, müvafiq terapiya verilib. Eyni zamanda xəstənin qara ciyərində steatoz var, qanda bəzi qara ciyər göstəricilərinin yüksəlməsi qeyd olunur. Xəstənin ilkin və yanaşı diaqnozlarına uyğun müalicəsi aparılır. O, reanimotoloq, nevropatoloqun və pulmonoloqun nəzarətindədir”, - klinikadan bildirilib.

 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi