Modern.az

"Qarabağ"ın qələbəsi qəhrəmanlıq tarixidir! - Deputatlar

İdman

23 Fevral 2024, 11:34

Ölkəmizi Avropa Liqasında layiqli təmsil edən "Qarabağ" klubu tarix yazmağa davam edir.

Portuqaliyanın "Braqa" klubunu ümumi nəticədə 6:5 hesabı ilə məğlub edən komandamız adını Avropa Liqasının 1/8 finalına yazdırdı.

"Qarabağ"ın zəfəri kiçikdən böyüyə hər bir azərbaycanlıya təsir edib, duyğulandırıb. Deputatları da həmçinin...

Parlamentarlar dünənki oyunla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, "Qarabağ"-"Braqa" qarşılaşmasına yalnız sıradan oyun kimi baxmamalıyıq:


"Hesab edirəm ki, "Qarabağ" klubu öz gücünü birinci və ikinci oyunda göstərməklə böyük zəfərə imza atdı. Azərbaycan komandasının, xüsusən də "Qarabağ" adlı klubun Avropa miqyaslı yarışda belə möhtəşəm performans sərgiləməsi bizim üçün böyük qürurdur. Biz "Qarabağ"ın ardıcıl qələbələrinə sıradan futbol oyunu kimi baxmamalıyıq. Bu oyunlar həm Azərbaycan həqiqətlərinin təbliği, həm ölkəmizin tanınması, erməni yalanlarının ifşası baxımından xüsusi önəm daşıyır. Bu qələbəni qazanmaq üçün komandanın başçısı və bütün üzvləri xüsusi səy göstərdilər".

Deputatın sözlərinə görə, bundan sonrakı mərhələdə "Qarabağ" səhvlərə yol versə belə, tənqiddən çox tərif etməliyik:


"İnsanlar hər zaman müxtəlif fikirlər səsləndirirlər. Lakin bir şey var ki, bu qələbəni qazanmaq heç də asan deyil. Əminəm ki, "Qarabağ" gələcəkdə də uğurları davam etdirəcək. Azərbaycan futbolunda "Qarabağ"ın özünəməxsus yeri var. Bəli, nəsə kiminsə xoşuna gəlməyə, səhvlər ola bilər. Amma biz tənqiddən çox tərif etməliyik. Belə bir uğura görə sevinməliyik".


Deputatı Fazil Mustafa vurğulayıb ki, "Qarabağ"ın qələbəsinə qəhrəmanlıq tarixi kimi baxmaq lazımdır:
 

"Möhtəşəm bir oyun oldu. "Qarabağ"ın bu qələbəsinə həqiqətən də qəhrəmanlıq tarixi kimi baxılmalıdır. Belə bir şəraitdə və müəyyən imkanlar hüdudunda möhtəşəm qələbə qazanmaq ancaq fövqəladə fədakarlıq tələb edirdi. Komandanın baş məşqçisi çox ağıllı formada sistemin dağılmasına imkan vermədi. Ən çətin və kritik anlarda qələbə üçün lazım olanı etdi. Ona görə də bu böyük uğurdur".

Deputatın fikrincə, bu uğurun Azərbaycan futbolunun inkişafına, ölkəmizin dünyada imicinin möhkəmlənməsinə böyük təsiri olacaq:


"Bundan sonra da "Qarabağ" dağılıb-tökülən komanda olmayacaq. Hər bir klub uda da, uduza da bilər, "Qarabağ" artıq xarakter komandası kimi özünü qəbul etdirdi. Qeyri-bərabər şəraiti, hakimin "Qarabağ"a qarşı qərəzli mövqeyini nəzərə alsaq, Portuqaliyanın ən güclü klublarından birini bu cür devirmək böyük uğurdur. Buna görə bu qəhrəmanlara ancaq təbrik düşür!".
 

Deputat Mahir Abbaszadə “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanması münasibətilə Azərbaycan xalqını təbrik edib:



“Oyun çox yüksək səviyyədə keçdi. Bu qələbə münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ"ın azerkeşlərini, başda Qurban Qurbanov olmaqla bütün komandanı alqışlayıram!”.


M.Abbaszadə “Qarabağ”dan yeni qələbələr gözləyir:


“Növbəti gözləntilərimiz də təbii ki, ancaq və ancaq qələbədir. "Qarabağ"ın oyunçuları necə möhtəşəm bir bölgənin adını daşıdıqlarını çox yaxşı dərk edirlər. Düşünürük ki, qarşıdakı oyunlatrda da "Qarabağ" klubu bizə sevinc bəxş edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi