Modern.az

“Qarabağ" 1/8 finalda möcüzə göstərə bilər? - Jurnalistlər ŞƏRH ETDİLƏR

“Qarabağ

İdman

23 Fevral 2024, 17:02

Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibi məlum olub. Ağdam klubu Almaniyanın "Bayer" komandası ilə qarşılaşacaq. 

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu "Qarabağ"a evdə -  Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

Bəs budəfəki qarşılaşmada "Qarabağ"ın qələbə qazanma ehtimalı nə qədərdir?


Qol.az saytının baş redaktoru Aydın Bağırov Modern.az-a açıqlamasında püşkün uğurlu olmadığını bildirib:


“"Qarabağ"ın Avroliqanın 1/8 finalında rəqibi "Bayer" (Almaniya) oldu. Püşkün bizim üçün uğurlu olmadığını söyləmək olar. Səbətdəki ən güclü iki rəqibdən biri "Qarabağ"a düşdü.

"Bayer" bu mövsüm göstərdiyi parlaq oyun və nəticələrlə dünya futbolunu heyrətləndirməkdədir. Komanda Almaniya Bundesliqasında 22, AvroLiqada 6 oyunda bir dəfə də uduzmayıb. Bu 28 matçdan cəmi 4-də heç-heçə edib, 24-də qələbə qazanıb. O cümlədən 2 dəfə "Qarabağ"a qalib gəlib”.

A.Bağırov vurğulayıb ki, “Qarabağ"ın mərhələ adlamaq şansı artıq möcuzə kimi görünür:


“ Amma Bakıda "Bayer"lə matçda "Qarabağ"ın uğurlu çıxışını da unutmamalıyıq. Komandamız 1 xalı yalnız son dəqiqələrdə penaltidən buraxdığı qola görə əldən vermişdi. İstənilən halda 1/8 finala qədər gəlmək belə Azərbaycan futbolu adına parlaq və tarixi nəticədir. "Qarabağ"a qarşıdakı hər iki oyunda uğurlar arzulayıram”.


İdman jurnalisti, şərhçi Tural Məmmədli də püşkatmada "Qarabağ"ın bəxtinin gətirmədiyini söyləyib:


"Püşkatmada bəxtimiz gətirmədi. Şəxsən mən "Slaviya"nı (Praqa) çox arzulayırdım. Buna çox yaxın idik. Ancaq, istənilən halda "Qarabağ"ın bu mərhələyə qədər gəlməsi fenomenal bir uğurdur. Yəni Azərbaycan klubu üçün bu mərhələdə təmsil olunmaq Qurban Qurbanov başda olmaqla "Qarabağ"ın böyük uğurudur. AvroLiqanın aşkar favoritinə qarşı oynayacağıq. Hazırda Avropada formada olan 3 komandadan birinə qarşı mübarizə aparacağıq".

T.Məmmədli "Qarabağ"ın layiqli mübarizə aparacağına inandığını qeyd edib:


"Proqnozdan danışmaq istəməzdim. Sadəcə olaraq, "Qarabağ"ın layiqincə mübarizə aparacağına əminəm. Rəqibə ən layiqli müqavimət göstəriləcək. Əlbəttə, könül istərdi ki, "Qarabağ" mərhələni keçsin. Lakin bu çox çətin olacaq. Reallıqla barışmaq lazımdır. Amma "Qarabağ" komandasının artıq burada olmağı və mübarizə aparması, hazırda Avropanın futbol səhifələrinin diqqət mərkəzində olması mükəmməl bir uğurdur. "Qarabağ" komandası kuboku qazanmış kimidir. Təəssüf ki, püşkatmada bəxtimiz gətirmədi. Əminəm ki, "Qarabağ" budəfəki mübarizədə də bizi sevindirəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi