Modern.az

Təsərrüfatları işğaldan azad olunan ərazilərdəki yaylaqlara necə aparaq? - RƏSMİ

Təsərrüfatları işğaldan azad olunan ərazilərdəki yaylaqlara necə aparaq? - RƏSMİ

İdman

12 Aprel 2024, 11:01

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

 

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 1 aprel tarixindən etibarən qeydiyyatdan keçə bilərlər.

 

"Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq. Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət edə bilərlər" - "Sputnik"ə verilən məlumatda bildirilib.

 

Qeyd edək ki, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir.

 

Yaylaqlara köçlə bağlı məlumatlandırma:

 

- Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçirilir.

- Arı ailəsinin sayı - 40 və daha artıq olmalıdır.

- Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq olmalıdır.

- Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır.

- Köç edəcək fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə DAİM-ə müraciət etməlidir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aşağıda göstərilənlərə əməl olunmasını tövsiyə edir:

 

- xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;

- köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli sonra lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;

- köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;

- xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz;

- köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;

- köç zamanı sürüdən geri qalan heyvanların (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınması təşkil edilməlidir;

- köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır.

 

Keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatları yaylaqlara köçürülüb

 

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. 3700-ə yaxın qoyunçuluq və arıçılıq təsərrüfatı mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib.

 

2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195936 baş. Laçın yaylaqlarına isə 114970 baş xırdabuynuzlu heyvan aparılıb. Qəbul olunmuş qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının 10 faizi qədər iribuynuzlu heyvan da apara bilərlər. Bununla da 2023-cü il yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına ümumilikdə 350 min başa yaxın heyvanın aparılması təmin edilib.

 

Yaylaq mövsümündə azad olunmuş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Arıçılar öz təsərrüfatlarını işğaldan azad olunmuş 7 rayonun yaylaqlarına köçürüblər.

 

Təsərrüfatların rəhbərlərinə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir

 

Əlavə edək ki, təsərrüfatlarını yaylaqlara köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə mütəxəssislər tərəfindən təlim keçirilir. Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü