Modern.az

AFFA lisenziya alan klubların adını açıqladı

AFFA lisenziya alan klubların adını açıqladı

İdman

15 May 2024, 14:42

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” komandalarına lisenziya verilib.

 

Qadınlar arasında Çempionlar Liqasında mübarizə aparmaq üçün “Neftçi” və “Sumqayıt” klubları lisenziya əldə ediblər.

Premyer Liqada iştirak üçün “Araz-Naxçıvan”, “Kəpəz”, “Qəbələ” və “Səbail” lisenziya alıb.

Yüksək Qızlar Liqasına qatılmaq üçün “Araz-Naxçıvan” və “Qəbələ”yə lisenziya verilib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qaydalara əsasən, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları almış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

∙ UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Premyer Liqa və I Liqada iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

∙ Premyer Liqada iştirak üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarına lisenziya almış hesab olunurlar.

∙ UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarına lisenziya almış hesab olunurlar.

Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə müraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı