Modern.az

Azərbaycan millisinə hələ də baş məşqçi axtarılır - Yerli mütəxəssis olacaq?

Azərbaycan millisinə hələ də baş məşqçi axtarılır - Yerli mütəxəssis olacaq?

İdman

10 İyun 2024, 16:54

Bu yaxınlarda futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar veriləcəyi gözlənilir. AFFA İcraiyyə Komitəsinin son iclasında da bu barədə müzakirələr aparılıb. Qərarın yaxın günlərdə veriləcəyi bildirilib.

 

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb. 2020-ci ilin iyulunda millinin baş məşqçi postuna təyin olunan italiyalı mütəxəssis etimadı doğrultmadı. Yığma onun rəhbərliyi altında 3 il ərzində 4 seçmə mərhələdə mübarizə aparsa da, futbolsevərləri sevindirə bilmədi. AFFA İcraiyyə Komitəsi onunla yolları ayırmaq qərarı verdi.

 

Noyabr ayından bu yana mətbuatda millinin baş məşqçisi postuna bir çox şəxsin adı hallansa da, heç biri bu vəzifəyə gətirilməyib.

 

Beləliklə, Azərbaycan milli futbol komandasının baş məşqçisinin kim olacağı ilə bağlı mövzu yenidən gündəmdədir.

 

Modern.az mövzu ilə bağlı futbol mütəxəssisləri ilə danışıb.

Azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu Ceyhun Sultanov qeyd edib ki, milli futbol komandasının baş məşqçisini təyin etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) qrup yaradılıb:

 

“Məşqçi seçiminin hansı kriteriyalarda olacağını, hansı planla gedildiyini bilmirəm. Əgər məşqçi seçimi bu gün üçün ediləcəksə, mən yerli məşqçinin tərəfdarıyam. Amma yox böyük bir plan, Azərbaycan futbolunun inkişafı üçün bir proyekt varsa, xarici məşqçinin gətirilməsi mümkündür. Amma hazırkı şəraitdə şəxsi fikrimcə, komandanın baş məşqçisi yerli mütəxəssis olsa, daha yaxşı olar. Bu bizim fikrimizdir, AFFA-nın öz fikri, planı var və hər fikrə hörmətlə yanaşmaq lazımdır”.

 

Mütəxəssis Emin Abbasov isə bildirib ki, bu məsələyə fikri hər zaman birmənalı olub və heç vaxt dəyişməyib:

 

“Azərbaycan milli futbol komandasına yerli məşqçi lazımdır. Bunun əsaslandırılması da çox rahatdır. Uzun illər burada əcnəbi məşqçilər çalışıblar və hansısa qeyri-adi uğura nail olmayıblar. Qruplarda, Millətlər Liqasında uğur əldə edə bilməmişik. Bəzən Azərbaycanda fikirlər bir-birini təkzib edir. Əcnəbi məşqçi gələndə deyirlər ki, “Məqşçi nə etsin?! Burada futbolçu yoxdur”. Buna rəğmən yenə əcnəbi məşqçi gətirirlər. Halbuki problemin həlli sadədir. Əgər bizdə futbolçu nəsli yetişməyibsə, o zaman yerli məşqçi ilə çalışmaq lazımdır ki, həm yerli məşqçi təcrübə qazansın, həm də əcnəbi məşqçilərə xərclənən vəsait və zamanı uşaq futbolu, infrastruktur, liqaların yaranması kimi işlərə xərcləmək olardı. Nə vaxtsa Azərbaycan milli komandasında güclü heyət formalaşarsa, əcnəbi məşqçi məsələsinə qayıtmaq olar. Amma nəinki indi, heç yaxın 10-15 ildə əcnəbi baş məşqçi haqqında düşünmək lazım deyil. İstər milli komanda, istərsə də klublara çox sayda baş məşqçilər gəlib. Azərbaycan futbolu və futbolçuları özünə xas xüsusiyyətlərə malikdir. Burada daha çox yerli məşqçilər effektiv olur. Çünki onlar Azərbaycan futbolunun incəliklərini, yerli futbolçuların psixologiyasını bilirlər. Hansısa müsbət nəticə istəyiriksə, yerli məşqçiyə etibar etmək lazımdır”.

 


Ekspert bildirib ki, yerli məşqçi dedikdə hər məşqçini də buraya aid etmək olmaz:

 

“İstənilən milli komanda da çalışmaq üçün futbolçularınn psixologiyasını hazırlayacaq, potensialından  yararlana biləcək və milli oyunlarda komandanı taktiki cəhətdən hazırlaya biləcək məşqçiyə ehtiyac var. Bu gün kimdən soruşsaq birmənalı şəkildə Qurban Qurbanovu bu postda görmək istədiyini deyəcək. Bu hər kəsin ürəyindən keçir. Amma Qurban Qurbanov milli komandaya gələr ya yox onu demək çətindir. Təbii ki, birinci namizəd odur. Digər alternativ variantlara baxdıqda qeyd etdiyim kriteriyalara uyğun gələn məşqçi Rəşad Sadıqovdur. Çünki nüfuzludur, uzun illər milli komandanın kapitanı olub. Hətta bu gün milli komanda da olan bəzi futbolçular onun rəhbərliyi altında oynayıb, taktiki cəhətdən savadlıdır, furtbolçuları oyuna hazırlaya bilər. Digər namizədlər arasında Samir Abbasov və Ayxan Abbasovu qeyd edə bilərik. Beləliklə bir neçə məşqçi var ki, fikirlərini öyrənib şərtləri danışmaq olar”.

E.Abbasovun sözlərinə görə, hər zaman milli komanda haqqında danışanda elə yalançı təəssürat yaradılır ki, guya dünyanın aparıcı milli komandalarından biridir, buraya hansısa yerli məşqçi gətirsək komanda uçuruma gedər:

“Nikola Yurçeviç, Cianni De Byazi gəldi, amma heçnə edə bilmədi. Bu milli komanda gələn məşqçilərin dövründə olduğundan betər vəziyyətdə ola bilməz. Bu gün komandanı oyunlara Arif Əsədov çıxarır. Düşünmürəm ki, bu De Byazinin nəticələrindən pis olsun. Bundan sonra nəticə uzaq başı oluğu kimi qalacaq. Bu belə olacaqsa, əcnəbi yerinə yerli məşqçi gətirilməlidir. Məşqçini çağırmaq, danışmaq lazımdır. Qarşısına qoyulan şərtlər, və onun tələbləri danışılmalıdır. Deyirlər Qurban Qurbanov çox inkişaf edib. Qurbanov Azərbaycan premyer liqasında inkişaf etməyib, o illərlə avrokuboklarda püxtələşərək gəlib bu səviyyəyə çatıb. Milli komandaya Nikola Yurçeviç, Cianni De Byaz kimi nəticə verməyən əcnəbi məşqçilər gətirməkdənsə yuxarıda qeyd elədiyim yerli məşqçilərdən birini gətirmək lazımdır. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Əminəm ki, şərt və tələblər açıqlandıqdan sonra cəmiyyət də buna normal yanaşar. Yoxsa milyonlar xərclənərək əcnəbi məşqçi gətirilir. Təbii ki, əcnəbi məşqçilər gələndə içlərində mən də olmaqla insanların gözləntiləri böyüyür. Dünyanın istənilən yerində əcnəbi məşqçidən tələblər çox olur. Əcnəbi gəlirsə, deməli bu Azərbaycanlının yerini tutur. Bu o deməkdir ki, bu yerli məşqçidən 5 dəfə üstün olmalıdır. Qurban Qurbanov milli komandadan tələsik çıxardılar, sonra gələn məşqçilərə baxanda heç kim deyə bilməz ki, Qurban Qurbanovdan güclü məşqçidir. Bəlkə də o vaxt Qurbanov qalsaydı nəticələr daha başqa olam bilərdi. Amma mən düşünürəm ki, yenə də milli komandaya əcnəbi baş məşqçi gətiriləcək”.


Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI