Modern.az

Özümə xas döyüş üslubu ilə çalışıram - Dünya çempionu ilə MÜSAHİBƏ

Özümə xas döyüş üslubu ilə çalışıram - Dünya çempionu ilə MÜSAHİBƏ

İdman

12 İyun 2024, 12:46

İstanbul Yeni Yüzyıl Universitetinin tələbəsi, MMA üzrə dünya çempionu İqbal Alıyev Modern.az redaksiyasının qonağı olub.

 

Müsahibəni təqdim edirik:

 

- Redaksiyamıza xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz barədə oxucularımıza məlumat verin.


-18 yaşım var, 12 ilə yaxındır ki, MMA idmanı ilə məşğulam. Yaxın zamanlarda Avropada çempionluq qazandım. Ölkəmizdən 110-a yaxın idmançı iştirak edirdi. Aralarından yeganə uğur qazanan mən oldum. İrəliləyən zamanlarda müxtəlif təşkilatlarla müqavilələr bağlayaraq başqa döyüşlərə çıxmağı planlayırıq. Bununla bağlı baş məşqçimiz Elvin Abbasov Rusiyadakı menecerlərlə danışıqlar aparır. Bizim birinci missiyamız bayrağımızı, millətimizi tanıtmaq, öz ölkəmizi tanıtmaqdır.

 

- Bundan əvvəl hansı uğurları əldə etmisiniz?


-Bundan əvvəl Türkiyənin Van şəhərində keçirilən dünya çempionatında və ABU-Dabi və Gürcüstanda keçirilən çempionatlarda qalib olmuşam.

- Ən çətin döyüşünüz nə vaxt olub?


-Ən çətin döyüşlərimdən biri elə yaxın zamanlarda olub. Dağıstanlı döyüşçünü keçsəydim qalib olacğımı bilirdim. Əvvəlcə ona qalib gəldim, daha sonrakı rəqibim ispan idi. Ən sonda isə ukraynalı döyüşçü ilə qarşılaşdım. Sözün açığı, onu bu qədər güclü gözləmirdim. Ukraynalı dağıstanlından da güclü çıxdı. Amma yenə də qalib gəlməyi bacardım.

 

- Özünüzə örnək aldığınız idmançı varmı?

 

- Əslində var idi. Amma artıq yoxdur. İstəyirdim ki, döyüş üslubum ona oxşasın, amma bundan sonra artıq öz üslubuma sahibəm. Artıq özümə xas döyüş üslubu ilə çalışıram. 

 

- Sizcə, idmanda ən böyük çətinlik nədir?


- Bu yol çox çətindir. Bu mövqedə irəliləmək çətindir. Həm maddi, həm də fiziki baxımdan. Çəki salma prosesi var ki, olduqca çətindir. İdmançıları döyüşdən çox bu proses narahat edir. Çünki insan bu zaman çox enerji itirir.

- Döyüş idman növlərinin qorxulan tərəflərindən biri də zədələnmələrdir. Bu barədə nə deyə bilərsiniz?


- Döyüş idman növləri əsl kişiyə xas olan idmanlardır. Burada zədə də, ağrı da var. Mənim özümün bədənimdə 12 qırıq var. Qabırğam, dizlərim, topuğum zədəlidir. Amma bu yolu seçən insan mövqeyində qalmalıdır. Burada zədə, qırıq da olacaq. Əsas odur ki, valideynlərinin, ölkənin başı uca olur. Avropa çempionatında iştirak etdiyim zaman sağ çiynim zədələnmişdi. Amma döyüşə davam etdim. Düşündüm ki, bu qədər irəlilədikdən sonra davam etməliyəm. Dubayda keçirilən çempionatda isə 2 qabırğam zədələnmişdi. Hələ də arada ağrılarını hiss edirəm. Bu hadisə ötən ilin avqustunda olmuşdu. O vaxtdan ağrısı hələ də qalır. 

- İdmanda uğur qazanmaq üçün nə lazımdır?


- İdmançı uğur qazanmaq üçün içkidən, narkotik vasitələrdən uzaq qalmaq lazımdır. İdman disiplini sevir, əsasən də bəzi “dostlar”dan uzaq olmaq lazımdır. Öz üzərində işləsən, disiplinli olsan və düzgün qidalanmaya fikir versən uğur qazana bilərsən.

 

- Əgər idmançı olmasaydınız hansı peşəni seçərdiniz?


- Yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətində yaxud digər güc qurumlarının birində vətənimə xidmət edərdim. Elə idman karyeramı bitirəndən sonra da böyük ehtimalla həmin qurumların birində fəaliyyətimi davam etdirəcəyəm.

 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?