Modern.az

Azərbaycan millisinin yeni baş məşqçisi kimdir? - DOSYE

Azərbaycan millisinin yeni baş məşqçisi kimdir? - DOSYE

12 İyun 2024, 12:22

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəsmi məlumat yayıb.

AFFA-nın İcraiyyə Komitəsinin iclasında tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
AFFA tərəfindən Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Bəs Fernandu Santuş kimdir?

Modern.az-ın məlumatına görə, portuqaliyalı keçmiş futbolçu və məşqçi Fernandu Santuş 10 oktyabr 1954-cü ildə Lissabon şəhərində anadan olub.

O, futbolçu karyerasına müdafiəçi olaraq 1973-cü ildə Porgtuqaliya çempionatının “Estoril” klubunda başlayıb. Bu klubun heyətində səkkiz mövsüm ərzində 161 liqa oyununda iştirak edərək 2 qol vurub. 1979-cu ildə “Maritimo” klubuna keçib və bir mövsüm sonra yenidən “Estoril”ə qayıdıb. 1987-ci ildə 33 yaşlı Santuş həmin klubda məşqçiliyə başlayıb.


O, məşqçilik karyerasına 1987-ci ildə “Estoril”də köməkçi məşqçi kimi başlayıb və bir mövsüm sonra komandanın məşqçisi olub. Santuş altı mövsüm “Estoril”i çalışdırıb və 1994-cü ildə digər klubun – “Estrela”nın sükanı arxasına keçib. Dörd mövsüm burada çalışdıqdan sonra 1998-ci ildə məşhur “Porto” klubunun baş məşqçisi olub. 1999-cu ildə bu klubla Portuqaliya çempionluğunu, ölkə kubokunu və superkuboku qazanıb. 2000-ci ildə yenidən Portuqaliya kubokunu və Portuqaliya superkubokunu qazanıb. Beş kuboklu “Porto” karyerasından sonra Fernandu Santuş 2001-ci ildə Yunanıstanın AEK komandasını çalışdırmağa başlayıb.

Daha sonra o, müvafiq olaraq "Panatinaikos" (Yunanıstan), "Benfika" (Portuqaliya) və PAOK (Yunanıstan) klublarında baş məşqçi işləyib.

Fernandu Santuş 2010-cu ilin iyulunda Yunanıstan milli komandasına rəhbərlik edib. O, 2012-ci ildə Yunanıstan millisini Avropa Çempionatında və 2014-cü ildə Dünya Çempionatında idarə edib.


Santuş 2014-cü ilin sentyabrında Portuqaliya millisinin baş məşqçisi olub. 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olan Santuş ölkəyə tarixində ilk böyük kuboku gətirib. Daha sonra o, Portuqaliyanı 2019 UEFA Millətlər Liqasında qələbəyə aparıb.
Santuş 2022-ci ildə keçirlmiş Dünya Çempionatından sonra Portuqaliya millisnin baş məşqçi postunu tərk edib və qısa müddət ərzində Polşa millisini çalışdırıb.

2024-cü ilin yanvarında Türkiyə Super Liqa komandası “Beşiktaş”ın baş məşqçisi olub və 13 aprel 2024-cü ildə istefaya göndərilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Fernandu Santuşa dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğunu nəzərə alaraq etimad edib. 


A.Qorxmaz
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı