Modern.az

Fernandu Santuş Azərbaycan millisində nə qədər QAZANACAQ?

Fernandu Santuş Azərbaycan millisində nə qədər QAZANACAQ?

13 İyun 2024, 14:50

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi, portuqaliyalı mütəxəssis Fernandu Santuş bu gün AFFA-nın qərargahında idman ictimaiyyətinə təqdim olunub.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib ki, Fernandu Santuşdan uğurlu iş gözləyirlər.

Təqdimat mərasimində belə məlum olub ki, hədəf Azərbaycan milli komandasının 2028-ci ildəki Avropa Çempionatına vəsiqə qazanmasıdır.

Maraqlıdır, Fernandu Santuş nə qədər maaş alacaq?

AFFA rəsmisi portuqaliyalı məşqçi ilə 3+1 illik müqavilə bağlanıldığını söyləsə də, Fernanodu Santuşa veriləcək maaşın məbləğini  açıqlamayıb.

“Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox. Maliyyə tərəfini açıqlamırıq... Müqaviləmiz 3 illikdir, 1 il də artırılma şərtilə. Təzminat, məbləğ məsələsini açıqlaya bilmərik".

Beləliklə, AFFA əvvəllər olduğu kimi, yenə də əcnəbi məşqçiyə ödəniləcək maaşı açıqlamaqdan imtina edib.

Xatırladaq ki, bundan öncə Azərbaycan milli komandasının baş məşqçisi italiyalı mütəxəssis Canni De Byazi idi.

Azərbaycanın idman jurnalistləri zaman-zaman Canni De Byazinin ölkəmizdəki qazancını araşdırmağa çalışıblar. Bu araşdırmalar zamanı məlum olmuşdu ki, Canni De Byazinin millimizdəki qazancı Azərbaycan reallığı üçün böyük rəqəm idi.
De Byazi hələ 2020-ci ilin iyulunda AFFA ilə müqavilə bağlamışdı. O zaman qeyri-rəsmi məlumatlarda onun illik maaşının 1,2 milyon avro təşkil etdiyi bildirilirdi. 

AFFA-ya yaxın mənbədən Modern.az saytına daxil olan məlumata görə, milli komandanın yeni baş maşqçisi Fernandu Santuşun alacağı maaş Canni De Byazinin qazancından daha çox olacaq. Mənbə Santuşun ildə təxminən 1,5 milyon avro ala biləcəyini ehtimal edib.

Maaşdan əlavə portuqaliyalı məşqçinin ev kirayəsi, avtomobil icarəsi, telefon danışıq xərcləri, il ərzində ölkəsinə gediş-gəliş bileti üşün ödənişlərin də AFFA tərəfindən qarşılanacağı bildirilir.

Eyni zamanda o da qeyd edilir ki, “Avro-2028”in qrup mərhələsindəki qələbələrə görə də baş məşqçi üçün mükafat nəzərdə tutulub. Əgər Santuş Azərbaycan milli komandasını 2028-ci ildəki Avropa Çempionatının final mərhələsinə çıxara bilsə, bunun üçün də ayrıca mükafatlandırılacaq.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var