Modern.az

Avro-2024-ü İTV-də izləmək mümkün olacaq 

Avro-2024-ü İTV-də izləmək mümkün olacaq 

13 İyun 2024, 20:12

İdmanın şahı futbolun azarkeşləri başda olmaqla bütün idmansevərlərin diqqəti bu yay İctimai Televiziyada (İTV) olacaq.

 

İctimai TV və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, milyonlarla teletamaşaçısı olan futbol üzrə Avropa çempionatı (Avro-2024) və 4 illiyin zirvə yarışı Yay Olimpiya Oyunları mötəbər idman turnirlərinin dəyişilməz ünvanında - İTV-də yayımlanacaq.

 

Artıq premyerası böyük marağa səbəb olmuş “Qarabağ FK-30 mövsüm səfərdə” 3 hissəli sənədli filmin ilk dəfə İctimai Televiziyada nümayişi iyunun 12-dən başlayıb. “Qarabağ” futbol klubunun keçdiyi tarixi və şərəfli yol, klubun paltardəyişmə otağından eksklüziv kadrların yer aldığı, bu yolda komandaya yoldaşlıq edən yerli və əcnəbi futbolçuların dilindən ilk dəfə eşidəcəyiniz maraqlı məqamlarla zəngin film bu gün və sabah da “İTV Xəbər”in 21:00 buraxılışından dərhal sonra tamaşaçılara təqdim olunacaq. Film “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalıdır.

 

Sabahdan iyulun 14-nə kimi isə İctimai Televiziyada bir ay boyunca futbol bayramı yaşanacaq. Almaniyada keçiriləcək Avro-2024-ün bütün oyunları həm İTV-də, həm də rəsmi İTV-nin yutub hesabında canlı yayımlanmaqla, futbol azarkeşləri üçün əlçatan olacaq. Hər hansı oyunu canlı izləmək imkanı olmayanlar isə operativ şəkildə İTV-nin rəsmi yutub kanalında da yerləşdiriləcək icmalları, vurulan qolları təkrar-təkrar izləmək imkanı əldə edəcəklər. Bundan əlavə, qitə çempionatı ərzində ən maraqlı oyunlarının paralel olaraq İctimai Radio – 90 FM vasitəsilə də yayımı nəzərdə tutulub.

 

Azərbaycan tamaşaçısına futbol ab-havasını yaxından hiss etmək, bu həyəcanı yaşatmaq üçün İTV-nin əməkdaşları Fəridə Abdulla və Elnur Əliyevin yer aldığı iki çəkiliş qrupu oyunlar zamanı 10 şəhərdə yerləşən 10 arenadan canlı bağlantılara qoşularaq möhtəşəm atmosferi tamaşaçılara ötürməyə çalışacaq. Oyunlardan öncə və sonra isə yerli və əcnəbi mütəxəssislərin rəyləri, peşəkar təhlil, eksklüzivlərlə bol “Bol futbol”un aparıcısı Kənan Hakimovun təqdimatında yeni tərtibatda futbol həvəskarlarına təqdim olunacaq.

 

Avropa çempionunun müəyyənləşəcəyi Berlin şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək final oyununu isə İTV-nin tanınmış idman şərhçisi Tural Dadaşov matçın yerindən şərh edəcək. Həlledici oyunun başlanmasına dəqiqələr qalmış Kənan Hakimov və Elnur Əliyev meydanın kənarından canlı yayıma qoşularaq eksklüziv məlumatları çatdıracaqlar.

 

Qısa fasilədən sonra İTV-də idman həyəcanı tam sürətlə davam edəcək. Bu dəfə planetin ən möhtəşəm idman yarışması, iyulun 26-dan avqustun 11-nə kimi davam edəcək “Paris-2024” Yay Olimpiya Oyunları idman həvəskarlarına təqdim olunacaq. Bütün idmançılarımızın çıxışları, Olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq.

 

İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq İTV-nin efirində bu il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdə qurulacaq studiya vasitəsilə canlı yayımda nümayiş olunacaq. Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris Olimpiadası üçün hazırlanmış “Bol idman”ın yeni studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq Yay Olimpiya Oyunları İTV-nin rəsmi yutub hesabında da canlı yayımlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı