Modern.az

Afiq Süleymanov 70: Bir əsgər kimi Azərbaycan idmanının xidmətindəyəm!

Afiq Süleymanov 70: Bir əsgər kimi Azərbaycan idmanının xidmətindəyəm!

İdman

2 İyul 2024, 22:43

Azərbaycan idmanının tanınmış simalarından olan, Milli Paralimpiya Komitəsinin yaradıcılarından biri, 20 il bu qurumun baş katibi işləmiş Afiq Süleymanovun 70 yaşı tamam olub. Bu münasibətlə “Marriot Abşeron” hotelində keçirilən tədbirdə idman federasiyalarının nümayəndələri, idman mütəxəssisləri, paralimpiya, dünya və Avropa çempionları, KİV təmsilçiləri və yubilyarın qonaqları iştirak ediblər.

Yubilyar “Sportsman” jurnalının suallarını cavablandırıb. Modern.az həmin müsahibəni təqdim edir:

- İdmandakı ilk addımlarınızdan danışaq...

- Uşaqlıqdan idmana böyük həvəsim olub. Həndbol oynamışam – qapıda dururdum, Qazaxdan gəlib Bakıda məktəblilərin yarışlarında iştirak edirdik. Bir müddət sonra voleybola maraq göstərdim. Sonra da Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1972-1976-cı illərdə orada “Bədən tərbiyəsi müəllimi” ixtisası üzrə təhsil aldım. Tələbəlik illərində institutun otüstü hokkey üzrə BTİİK (“SKİF”) komandasının heyətində SSRİ çempionatında çıxış etmişəm, müdafiəçi mövqeyində oynamışam.

1978-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsində təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlamışam. Ondan sonra da müxtəlif təşkilatlarda işim, əsasən, idmanla bağlı olub. Bir müddət SSRİ çempionatının yüksək liqasında çıxış edən qadınlardan ibarət “Rabitəçi” otüstü hokkey komandasının rəisi vəzifəsində çalışmışam.

- Paralimpiya hərəkatına gəlişiniz necə oldu?

- Ötən əsrin 90-cı illərinin əvvəlində əlillərin “Mərhəmət” adlı idman təşkilatı vardı, mən də orada vitse-prezident idim. Amma əlilləri idmana cəlb etməkdə çətinlik çəkirdik. Azərbaycanda paralimpiya hərəkatını yaratmaq qərarına gəldik. Bu məqsədlə o vaxtkı gənclər və idman naziri Əbülfəz Qarayevlə görüşüb, müzakirələr apardıq. 1996-cı il fevralın 9-da Azərbaycan Milli Paralimpiya Komitəsi təsis edildi, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən İlqar Rəhimov quruma prezident, mən isə baş katib seçildim.

- Avqustda Atalantada Paralimpiya oyunları keçiriləcəkdi, cəmi altı ay qalırdı...

- Həmin yarışlarda təmsil olunmaq üçün çalışmağa, idmançı yığmağa başladıq. Dünya və Avropa çempionatlarında iştirak edərək lisenziya qazanmaq lazım idi, amma, təbii ki, buna vaxtımız yox idi. Bizə Paralimpiya oyunlarında iştirak üçün “wild card” olaraq iki yer verdilər. İlk çıxışımız da uğurlu alındı. Atalanta-1996-da Aleksandr Antofiy marafon qaçışında 4-cü, Gündüz İsmayılov isə pauerliftinqdə 7-ci oldu.

- İlk medal isə 2000-ci ildə Sidneydə qazanıldı.

- İlk paralimpiya təcrübəsindən sonra Sidney-2000-ə daha ciddi hazırlaşmağa başladıq. Avstraliyadakı yarışlara artıq 7 idmançımız lisenziya əldə etdi. 24 kişi arasında yeganə qadın olaraq Yelena Taranova miks yarışlarda 25 metr məsəfəyə tapançadan güllə atıcılığında gümüş medal qazandı.

Sidneydən qayıtdıqdan sonra ölkə başçısı Heydər Əliyev oyunlarda iştirak etmiş paralimpiyaçıları qəbul etdi. Ümummilli liderin görüşdə dediyi sözlər indiyədək yadımdadır: “Fiziki cəhətdən çatışmazlığı, qüsuru olan insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq, sevindirici bir haldır”.

Qəbuldan sonra bizə qayğı, hörmət birə-beş artdı. Ulu öndər əlil idmançılar üçün Avropa standartlarına uyğun paralimpiya bazasının tikilməsi barədə göstəriş də verdi.

- Bu baza səkkiz il sonra istifadəyə verildi.

- Paralimpiya İdman Kompleksi Sumqayıtda tikildi və 2008-ci ilin avqustunda açılışı oldu. Mən də ora direktor təyin olundum.

Xüsusi qeyd etmək lazımdır ki, bu, paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, Avropa standartlarına uyğun, MDB məkanında ilk belə idman mərkəzi idi.

Açılış mərasimində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdi. Dövlət başçısının çıxışındakı “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir” sözləri bizi daha da ruhlandırdı, qol-qanad verdi.

Cənab Prezident paralimpiyaçılar üçün mükafatların məbləğini də artırdı: Paralimpiya oyunlarında qızıl medal qazananlara 200 min, gümüş medalçılara 100 min və bürünc medalçılara isə 50 min manat mükafat təyin olundu. Dövlət büdcəsindən də həm 2012, həm də 2016-cı illər Paralimpiya oyunlarına hazırlığa 500 min manat məbləğində vəsait ayrıldı.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven də ölkəmizdə paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirmiş, Azərbycanın paralimpiya idmanında əldə etdiyi uğurların həm də dövlətin əlillər qarşısında üzərinə götürdüyü öhdəliklərin nəticəsi olduğunu vurğulamışdı.

- Sizin dövrünüzdə idmançılarımız Paralimpiya oyunlarında 9 qızıl, 18 gümüş və 11 bürünc medal qazanıblar. Hansı paralimpiada xoş xatirələrlə yadınızda qalıb?

- Təşkilatçılıq və bir çox digər məqamlara görə ən yaxşı Pekin-2008 olub, daha sonra Sidney-2000 və nəhayət, London-2012 Oyunlarını qeyd edə bilərəm. Atalanta-1996 haqqında bir söz deyə bilmərəm, çünki o vaxt yeni idik, çox şeyi bilmirdik. Ən zəifi də Rio-2016 idi.

Nəticələrimizə gəlincə, ilk qızılı 2004-cü ildə Afinada qazandıq – 2 idmançımız çempion oldu. 2008-ci ildə Pekində də 2 qızıl, 2012-ci ildə Londonda isə 4 qızıl medal qazandıq və ümumi reytinqdə 27-ci olduq. Nəhayət, 2016-cı ildə Rioda idmançılarımızdan bir neçəsi çempionluq şansını əldən verdi və nəticədə 8 gümüş medalımız və 1 ədəd qızılımız oldu.

Tanınmış jurnalist Lətif Aslanovun baş redaktoru olduğu, 2016-cı ildə nəşr edilən “Azərbaycan Paralimpiya Komitəsi 20 il” kitabında fəaliyyətimiz, uğurlarımız geniş şəkildə öz əksini tapıb.

- Bəs paralimpiyaçılardan kimlərin adlarını çəkə bilərsiniz?

- Əlbəttə, ilk növbədə, ikiqat paralimpiya çempionları paracüdoçu İlham Zəkiyev və uzunluğa tullanma və üçtəkanla tullanmada qalib olan Oleq Panyutinin adlarını qeyd etməliyəm. Hərəyə 1 qızıl medal qazanan yüngül atlet Oloxan Musayev, paracüdoçular Afaq Sultanova, Ramin İbrahimov və Ramil Qasımov, həmçinin üzgüçü Natali Pronina da xalqımıza hədsiz sevinc bəxş ediblər.

Pronina Londonda medalların sayına görə rekord müəyyən etmişdi: o, müxtəlif üsullarla müxtəlif məsafələrə üzgüçülük yarışlarında 1 qızıl və 4 gümüş mükafat qazanmışdı. Bu tarixi nailiyyətdir!

Oloxan Musayev haqqında da danışım. O, pauerliftinq üzrə dünya çempionatına getmişdi, əli tam açılmadığı üçün nəticələri hesaba alınmadı. Məşqçilər dedilər, bizə lazım deyil, amma idmandan getməsinə imkan vermədim. “Neftçi” İK götürdü, atletikaya keçdi, üç ay ərzində nüvəatma növündə paralimpiadaya lisenziya qazandı. Pekin-2008-də də 13,49 m. göstərici ilə rekorda imza atdı. Nüvəni o qədər uzağa tulladı ki, az qala hakimlərə dəyəcəkdi. Düzdür, rəqiblər mübahisə etsələr də, sonda ədalət qalib gələrək nəticə təsdiqləndi.

- Fəaliyyətiniz dövlət tərəfindən də yüksək qiymətləndirilib.

- Bəli, ölkəmizin bir çox idmançı və məşqçiləri kimi mən də cənab Prezidentin qayğısını daim hiss etmişəm, fəaliyyətim dövründə əməyim yüksək qiymətləndirilib. Ölkənin ali mükafatları olan “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı,  “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  ilə təltif olunmuşam. 2016-cı ildə atletika idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülmüşəm.

- Tezliklə Parisdə Olimpiya və Paralimpiya oyunları keçiriləcək.

- Hər yeni yarış yeni ümidlər, yeni həyəcan deməkdir. Dövlət qayğısı sayəsində Azərbaycan idmanı yeni-yeni uğurlara imza atır. İdmançılarımızın, o cümlədən paralimpiyaçılarımızın Parisdə böyük nailiyyətlər qazanacaqlarına inanıram. Onlardan daha çox medal, yeni rekordlar, parlaq qələbələr gözləyirik.

- Futbolla aranız necədir? Hansı komandalara azarkeşlik edirsiniz?

- Azərbaycan millisi, “Qarabağ” və “Yuventus”a azarkeşlik edirəm. “Qarabağ”ın beynəlxalq oyunlarında stadiona da gedirəm, sonuncu dəfə yaxın yoldaşlarla “Bayer”lə oyunu canlı izləmişik. Veteran futbolçularla da yaxın münasibətlərim var - Asim Xudiyev, İqor Ponomaryov... Ponomaryovun penalti zərbələri unudulmaz idi. Vaxtilə məşhur futbolçu Ələkbər Məmmədov və tanınmış hakim Eldar Əzimzadə ilə də işləmişəm. Yeri gəlmişkən, 2000-ci illərin əvvəlində Əlillərin Futbol Federasiyasını da yaratmışdıq, 2009-cu ilə kimi bu qurumun prezidenti olmuşam.

- Təqaüdçü həyatı necə keçir?

- Əla keçir, yaxşı istirahət edirəm. Nəvəmə şahmatı öyrədirəm, yayda bağda ona atletika məşqi keçirəm. İşlədiyim dövrdə 36 ölkəyə səfər etmişəm, amma sanki o ölkələrdə olmamışam. Çünki ancaq yarışlarda, idmançıların yanında olmuşam, demək olar ki, hoteldən və idman obyektlərindən kənara çıxıb gəzə bilməmişəm. Amma indi arada xaricə gedəndə rahat səyahət edə bilirəm.

- İdman veteranı kimi gənclərə tövsiyəniz, məsləhətiniz nədir?

- Gənclər mütləq idmanla məşğul olsunlar, əlillərə gəlincə, özlərinə qapanmasınlar, cəmiyyətin fəal üzvü olsunlar. İdmanla məşğul olsunlar, yarışlarda iştirak etsinlər. Onlar bəzən idmanda elə nailiyyətlərə imza atırlar ki, bir çox sağlam idmançılar bunu bacarmırlar. Həm də istedadları bölgələrdə axtarmaq lazımdır, elə uşaqlar var ki, demək olar, böyük idmana hazır vəziyyətdədirlər. Oloxan Musayev və İlham Zəkiyev belə idmançılardan olublar.

- Afiq müəllim, 70 illik yubileyiniz münasibəti ilə sizi təbrik edir, möhkəm can sağlığı arzulayırıq!

- Çox sağ olun! Bu yaşda da özümü gümrah hiss edirəm, bir əsgər kimi Azərbaycan idmanının xidmətindəyəm. Yeri gəlmişkən, hazırda paralimpiya komitəsində fəxri vitse-prezident, qazilərlə iş üzrə komissiyanın sədriyəm.

Məni unutmadığına görə “Sportsman” jurnalına, onun bütün kollektivinə təşəkkürümü bildirirəm. 20 ildən artıq nəşr olunan “Sportsman” jurnalı həmişə Azərbaycan idmanına xidmət edib, idmançılara dəstək olub. Bu şərəfli işdə sizə uğurlar arzulayıram!




 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”