Modern.az

Şahmat Federasiyası Olimpiadada iştirakla bağlı şərtlərini açıqladı

Şahmat Federasiyası Olimpiadada iştirakla bağlı şərtlərini açıqladı

11 İyul 2024, 12:48

Azərbaycan Şahmat Federasiyası Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq milli komandaların formalaşması və yarışda iştirakla bağlı əsas şərtləri açıqlayıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, yığmanın heyəti iti zəka sahiblərinin cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan Azərbaycan çempionatında iştirakı, onların oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür.

 

Bildirilib ki, milliyə dəvət alan şahmatçı kollektivdaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır: “Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır. Yığmaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə edilir və yekun qərar qəbul olunur”.

 

Qeyd edək ki, sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar.

 

Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalardan, müvafiq olaraq, Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləri ilə yanaşı, ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib.

 

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı