"Vətənə medalla qayıtdığım üçün sevincliyəm. Təəssüf ki, qızıl medal olmadı. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam".
Modern.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib: "Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Gələcəkdə daha yaxşı olacaq".
Güləşçilərin ümumi çıxışını da dəyərləndirən H.Cəfərov açılışı yaxşı etmədiklərini vurğulayıb: "Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı".