Modern.az

“Neftçi”də nə baş verir? - "Klubun gələcəyi qaranlıq görünür"

“Neftçi”də nə baş verir? - "Klubun gələcəyi qaranlıq görünür"

İdman

20 Sentyabr 2024, 15:08

Son günlər “Neftçi” futbol klubunda yaşananlar idman ictimaiyyəti və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Roman Qriqorçukun Bakı klubuna baş məşqçi kimi gətirilməsindən sonra Qara Qarayev əvəzedici komandaya göndərilib.

 

Qara Qarayev bir neçə gün əvvəl komandadan ayrılıb. Rəsmi məlumata görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam edilib. Mətbuatda dərc edilən məqalələrin birində deyilir ki, baş verənlər “Neftçi”nin isveçli idman direktoru Yens Andersondan qaynaqlanır. 

 

Bu gün yayılan məlumata görə isə, Qriqorçuk Emin Mahmudovu kapitanlıqdan azad edib. Premyer Liqanın VII turunun "Qarabağ"la bu gün keçiriləcək qarşılaşmada kapitan sarğısını hücumçu Ramil Şeydayev taxacaq.

 

Maraqlıdır, baş verənlərdən sonra klubun gələcəyi necə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, Qara Qarayev və Emin Mahmudov kimi oyunçulara hörmətlə yanaşmaq lazım idi:

 

“Qara və Emin təcrübəli oyunçulardır. Qara “Neftçi”yə uyğun deyildisə, onunla niyə müqavilə bağlamışdılar. Qara təcrübəli futbolçudur. Yığmada da oynayıb. Özü də yaxşı oynayıb. Biz belə oyunçulara hörmət etməsək, sonradan gələn cavan uşaqlar deyəcəklər ki, “belə oyunçulara hörmət yoxdursa, onda yaşa dolduqca vay bizim halımıza”. Hörmətlə yanaşmaq lazımdır. Bu adam uyğun deyilsə, əvvəlcədən onu komandaya göndərməyin mənası yox idi. Onunla ayrıca söhbət etmək lazımdır. Ümumiyyətlə, yaşlı oyunçularla fərdi söhbət lazımdır. Fərdi söhbətdə də bütün məsələlər həll olunur. Qaranı hazırlasaydılar, özü də istəkli olsaydı, “Neftçi”yə kömək edə bilərdi. Mən deyim ki, azərbaycanlı dayaq yarımmüdafiəçilər həddindən artıq azdır. Emin barədə də eyni sözləri demək olar. Adam kapitandır. Yığmada da kapitan olub. Onu kapitanlıqdan nəyə görə çıxartıqlarının mənası bilinmir. Baş məşqçi ilə nəsə əlaqələri yoxdur. Bunu elə daxildə həll edə bilərdilər. Bu işlər fərdi söhbətlər sayəsində həll olunan  məsələlərdir. Bunu ictimaiyyətə çıxarmağa da ehtiyac yoxdur”.

A.Mircavadov qeyd edib ki, “Neftçi”nin gələcəyi ona qaranlıq görsənir:

 

“Mən hələ indiyə kimi bilmirəm ki, “Neftçi”də rəhbər kimdir? Yəni söz sahibi bilinmir. Deyirlər ki, icraçı direktor türkdür. Sözün düzü, o türkün üzünü də görməmişəm. Özü də ictimaiyyətə açıqlama vermir ki, nəyə görə bunlar baş verir. Ümumiyyətlə, klub iki  hissədən ibarətdir: Prezident və onun köməkçiləri, baş məşqçi və onun köməkçiləri. Bunlar bir-birilə sıx əlaqədə olmalıdır. Bütün təşkilati işləri Prezident və onun  köməkçiləri görür. Bu işləri Baş məşqçi və köməkləri icra edir. Qayda belədir. Transfer üçün ayrıca şöbə olur. Baş məşqçi və onun köməkçilərinin razılığı olursa, oyunçu gətirirlər. Baş məşqçiyə hazır oyunçu verildiyi vaxtlar da olub.Belə hallar çox yaşanıb. Baş məşqçiyə bu lazım deyilsə, oyunçu niyə alınır. Bu gün “Neftçi” “Qarabağ”la oynayır. “Qarabağ” da bir neçə gündən sonra Avropa Liqasının birinci oyununu Londonda oynayacaq. Əsas oyunçularla “Qarabağ” meydanda olacaq. Bu, onların “Tottenham”la oyuna hazırlığı üçündür. “Neftçi”nin sabahkı, sonrakı günləri mənim üçün çox qaranlıq gəlir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu