Modern.az

"3 məğlubiyyətdən sonra indi ayılıblar" - Keçmiş baş məşqçidən ETİRAZ

"3 məğlubiyyətdən sonra indi ayılıblar" - Keçmiş baş məşqçidən ETİRAZ

İdman

14 Oktyabr 2024, 16:08

"İstər milli yığma, istərsə də digər komandada əcnəbi məşqçi gələndə yanında yerli məşqçilər də olmalıdır".

 

Bunu Modern.az-a açıqlamasında keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədov deyib.

 

O qeyd edib ki, həmin yerli məşqçilər futbolçuların potensialına bələd olan məşqçilərdir.

 

"Arif Əsədov demək olar ki, milli yığmanın bütün oyunçularının potensialına bələd idi. Hətta o yığmaya namizəd olan futbolçuların da potensialını bilirdi. O bilirdi ki, futbolçuları hansı şəraitdə necə oynatmaq lazımdır. Fernandu Santuş isə gələn kimi Arif Əsədovu uzaqlaşdırdı. Artıq 3 oyun keçib, indi yadına düşüb ki, göstəriş vermək üçün Azərbaycanlı mütəxəssis lazımdır. Məşqçi gələndə bu məsələlər müqavilə şərtlərində əks olunmalıdır. Bu bütün dünyada belədir, əcnəbi məşqçi komandaya gəlirsə, yerli mütəxəssis də yığmada olmalıdır. 3 məğlubiyyətdən sonra indi ayılıblarsa, deyəcək bir söz tapa bilmirəm”.

 

“Mən bizim komandamıza hələ milli yığma deməyəcəyəm. İllərdir deyirəm ki, bizdə olan milli komanda deyil. Çünki orada yerlilərdən çox milliləşdirilmiş futbolçular var. Bəlkə də fikirləşirlər ki, milliləşdirilmiş futbolçularla hərhansı dildə danışmaq olar. Komandada 6-7 milliləşdirilmiş futbolçu var ki, onların da çoxu Azərbaycan dilində normal danışa bilmir. Bu baxımdan da Arif Əsədovun qalmasına ehtiyac olmadığını düşündülər. İndi isə başa düşürlər ki, milliləşdirilmiş futbolçuların heç bir effekti yoxdur, yerli futbolçulara üstünlük vermək lazımdır”- T.Əhmədov əlavə edib.

 

Müsahibimiz bildirib ki, akademiyalarda işlər düz getmir:

 

“Akamideyalarda bir çox məşqçilər min hoqqadan çıxırlar. Bir çox məşqçilər imkanlıların övladlarına üstünlük verir, istedadlı uşaqları məhv edirlər. Bəzi istedadlı uşaqların maddiyatı aşağı olduğu üçün ümumiyyətlə futbola götürmürlər. Götürsələr də, onlara üstünlük vermirlər. Məşqçi var ki, imkanlılara saatlarla dərs keçir, imkanı zəif olanı 45 dəqiqə sonra göndərir. Bu gün Azərbaycanda futbolçu qıtlığı olduğu üçün artıq məşqçilərimizdə də bu yaşanır. İndi başa düşülür ki, yerli futbolçuya, yerli mütəxəssisə ehtiyac var. Milli ruhda futbolçu, mütəxəssis olmasa çətin məsələdir. O ürəkdə ki, dövlətin, xalqın sevgisi döyünmürsə, bayrağa hörmət yoxdursa, himni oxuya bilmirsə, orada uğur olmayacaq. Gələn məşqçilər də baxır ki, burada milli futbolçu azdır, komanda milliləşdirilmiş futbolçulardan ibarətdir. Düşünürəm ki, Arif Əsədov qalıb işini davam etdirsə idi, daha yaxşı olardı. O təcrübəli və Azərbaycan futboluna bələd idi. Bu insanı oradan uzaqlaşdırıb, yenidən Azərbaycan dilində danışan məşqçi axtarmaq qarışıq mənzərə yaradır. AFFA və Gənclər və İdman Nazirliyi nəzdində bir qurum yaradılmalı və bütün akademiyalar bu quruma tabe olmalıdır. Kiminsə dostluğu, qohumluğu ilə akademiyalara məşqçi seçilməməlidir. Azərbaycan futbolunun yüksəlməsi üçün iş görülməlidir”.

 

Keçmiş baş məşqçi sonda vurğulayıb ki, Azərbaycan futbolu artıq dəyişməlidir:

 

“Azərbaycanda yerli futbolçuların say limitinə baxılmalıdır. Biz yerli futbolçuları məhv edərək gedirik. Mən təklif vermişdim ki, hər klub öz akamideyasında yetişdirdiyi futbolçunu 21 yaşlı komandasında oynatsın. Başqa komandadan oyunçu götürülməsin. Birinin pulu az, digəri çox olanda oyunçuları alır, bir komandanı tamamilə zəiflədirdilər. Bundan əlavə I divizionda futbolçular 21 yaşdan sonra futbolçular oynaya bilmirlər. Buna görə də ölkədə futbolçu qıtlığı var. Futbolçuların yetişdirilmə proqramları olmalıdır. Xaricdən məşqçi, mütəxəssis gətirməyə ehtiyac yoxdur. Sadəcə olaraq azərbaycanlılar Avropa klublarında müəyyən müddətdə kursa göndərilməlidir. Onlar orada bütün lazımi şeyləri öyrənib öz yanaşmamıza uyğun tətbiq etməlidir. Biz isə xaricdən məşqçilər gətiririk və heç bir effekt əldə edilmir. Bu baxımdan dövlətimiz istedadlar yetişdirməlidir. Cənab Prezident idman sahəsinə böyük dəstək verir, gənc nəslin sağlam yetişməsi üçün tapşırıqlar verir. Hər halda biz bunun qarşılığını verməliyik. Bu baxımdan da yeni futbolçu nəsli yetişdirilməlidir. Biz ağır yükə tab gətirən, xalqını sevən, milli ruhda böyüyən gəncləri yetişdirməliyik. Bu zaman artıq komandamız milliləşdirilmiş yox, milli yığma komanda olacaqdır”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu