İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Modern.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi növündə 60, 67, 72, 82 və 97 kiloqramda mübarizəyə start verilib.
Ayxan Cavadov (60 kq) isveçrəli Levin Mayerə (8:0), fransalı Lukas Qrassoya (9:1) və türkiyəli Ömər Altaşa (6:1) qalib gələrək yarımfinala yüksəlib. Ayxan yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya da gücünü göstərib – 4:1. Ayxan finalda isveçli Adam Silverinlə qarşılaşacaq.
Fəraim Mustafayev (60 kq) rumıniyalı Pavel Aleksey (1:1) və bolqarıstanlı Dimitar Georgiyevi (10:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Mingiyan Qoryayevlə bacarmayıb – 5:12. Fəraim sabah bürünc medal uğrunda güləşəcək.
Seymur Qasımov (72 kq) yarımfinala gedən yolda finlandiyalı Oliver Padaya (12:0) və rusiyalı Tamerlan Taranuxaya (11:0) heç bir şans verməyib. Seymur finalın bir addımlığında ermənistanlı Qaspar Terteryana (1:5) məğlub olaraq, ümidini üçüncü yerə bağlayıb.
Elmin Əliyev (82 kq) avstriyalı Noa Valderə (9:0), gürcüstanlı Tornike Çxikvadzeyə (7:1) və ermənistanlı Martik Petrosyana (7:4) qalib gəlib. Elmin yarımfinalda rusiyalı Mixail Şkarinə 1:4 hesabıyla uduzub və o da sabah bürünc medal uğrunda mübarizə aparacaq.
İsmayıl Rzayev (97 kq) təsnifat mərhələsində rusiyalı Saypula Qadjimaqomedova 2:10 hesabı ilə məğlub olub.