“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını bitirmək istəmədiyini etiraf edib.
Modern.az xəbər verir ki, onun sözlərini “X” sosial şəbəkəsində Argentina millisinin mətbuat xidməti yayıb.
“Bütün bunların bitməsini istəmirəm, amma başa düşürəm ki, bu an yaxınlaşır”, - deyə 38 yaşlı futbolçu bildirib.
Xatırladaq ki, ulduz futbolçu sentyabrın 5-də Argentina millisinin heyətində son ev oyununa çıxıb. O, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib. Matçda 3 qoldan 2-ni Messi vurub. Azarkeşlər onun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.