Bakı Metropoliteninin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması işləri davam etdirlir.
Bu haqda Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O, qeyd edib ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir:
“Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq”.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Gülşən RAUFQIZI