Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. Xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.
İqtisadçı-alim Vüqar Bayramov Modern.az saytına xarici valyutada kreditlərin verilməsinin məhdudlaşdırılmasını şərh edib:“Xarici valyutada verilən kreditlərin qadağan edilməsi bir qərarla mümkün deyil. Bunun üçün baza olmalıdır. Kommersiya banklarının xarici valyutaya olan öhdəliklərinin azalmasına ehtiyac var. Əgər kommersiya bankı depoziti dollarla qəbul edirsə, xaricdən dollarla borclanırsa, krediti dollarla verməyə məcburdur.
Devalvasiyadan sonra ən çox zərər görənlər xarici valyutada krediti olan vətəndaşlarımızdır. Xarici valyutada kreditlərin verilməsinin dayandırılması milli valyutada kredit götürənlərin valyuta riskinin azaldılmasına gətirib çıxarır.
Buna görə də Palata və Mərkəzi Bank tərəfindən təşviqedici addımların atılmasına ehtiyac var. Biz təklif edirik ki, Mərkəzi Bankın mərkəzləşmiş kreditləri, uçot dərəcəsinə uyğun olsun və şəffaf şəkildə kommersiya banklarına təklif edilsin.
Təəssüf ki, süni baryerlər var, bütün banklar imkanlardan yararlana bilmir.
Ona görə də Mərkəzi Bankın uçot dərəcəsinə uyğunlaşdırılmış kreditlərə çıxışı genişlənməlidir ki, kommersiya banklarının manatla vəsait cəlb etmək imkanları olsun. Ancaq bu şəkildə bank manatla kredit verə bilər. Bank o zaman mili valyutada kredit verəcək ki, o valyutada vəsait cəlb edə biləcək”.
Ekspert deyir ki, hazırda Azərbaycanda kredit portfelinin həcmi 19,3 milyard manatadır, bunun təxminən 7 milyardı xarici valyutada olan kreditlərdir:
“Manatla olan əmanətlərin indeksasiyası həyata keçirilməlidir ki, vətəndaş pulunu dollara çevirib evdə saxlamasın. O, vəsaitini manatla bankda saxlamaqda maraqlı olsun. Ayrılmış bir ay müddət düzgün qiymətləndirmədir. Bu müddət ərzində Palata çalışmalıdır ki, manatla verilən kreditlərin həcmini artsın.
Palata və Mərkəzi Bank kommersiya banklarının manat bazasının gücləndirilməsi istiqamətində fəaliyyət göstərərlərsə, yaxın gələcəkdə dollarla olan kreditlərin həcminin minimumlaşdırılması və vətəndaşlara daha çox milli valyutada istehlak kreditlərinin verilməsi mümkündür.
Verilən 1 aylıq müddət uzadılmayacaqsa, bu pilot müddət olaraq qiymətləndirilə bilər. Belə olacağı təqdirdə addım kredit bazarında heç nəyi dəyişməyəcək.
Müddətin uzadılması, bunun üçün isə qeyd etdiyim şərtlərin icra olunması vacibdir. Banklar manatla tam təmin olunmalıdır. İnzibati yolla bankları krediti manatla verməyə məcbur etmək mümkün deyil.
Xarici valyutada kredit verilməsi uzunmüddətli dövrdə qadağan ediləcək və bankların manat bazası genişləndirilməyəcəksə, bu, kredit bazarında daha ciddi gərginlik yaradacaq və bankların kredit vermək imkanlarını məhdudlaşdıracaq”.
Gülşən RAUFQIZI