Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil bildirib.
Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır:
“Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”-nın dəvəti əsasında baş tutub”,-deyə o bildirib.
Səfir deyib ki, səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.
“14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq”.
Qeyd edək ki, bundan öncə İranın Sumqayıtda dərman zavodu açacağı barədə məlumat verilmişdi.
Aqşin KƏRİMOV