Modern.az

Gömrük Komitəsi yerli atların ixracına qadağa qoya bilməz - AÇIQLAMA

Gömrük Komitəsi yerli atların ixracına qadağa qoya bilməz - AÇIQLAMA

27 İyul 2016, 11:18

Azərbaycanın çox regionlarından olan sahibkarların Modern.az saytına verdikləri məlumata görə, istifadəyə yararsız yerli atların Qazaxıstan və Qırğız respublikalarına ixrac edilməsinə icazə verilməməsi onlarda narazılıq doğurub. Bu problem necə həll olunmalıdır, ümmumiyyətlə hansı hallarda yerli atların ixracına qadağa qoyula bilər?
Modern.az-ın əməkdaşı bu məsələyə aydınlıq gətirmək üçün respublikanın əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcova müraciət edib. Ç.Fərəcov məsələyə brlə aydınlıq gətirib:

“Azərbaycanda 70 min başdan çox at var. At ən uzunömürlü heyvandır. 35-40 il yaşayır. Elə atlar da var ki, hətta 60-67 il ömür sürür. Atların təsərrüfat yararlılığı 20-25 ildir. Adətən təsərrüfatlarda atlar 10-15 ildən artıq saxlanılmır.

Azərbaycanda Qarabağ və Dilbaz at cinsləri, həmçinin Quba löhrəmi və Şirvan atları var. Bizim ölkəmizdə at ətindən və südündən qətiyyən istifadə olunmur. Bakı şəhərinə kəsilmiş at cəmdəklərinin gətirilməsi ciddi şəkildə araşdırılmalı, ciddi şəkildə də tədbir görülməlidir. Lakin Orta Asiya respublikalarında, xüsusilə Qazaxıstanda at ətindən və südündən geniş istifadə edilir.  At ətindən həm mətbəxdə, həm də emal sənayesində, xüsusilə kolbasa məmulatlarının hazırlanmasında istifadə olunur. Qazağıstanda atların baş sayının azalması at əti istehsalında müəyyən problemlər yaradıb.

Azərbaycanda həmişə istifadəyə yararsız atlar (yaşlı, dişləri tökülmüş, el arasında “yabı”, “şilkor”, “ələngə” adlananlar) kolbasa məmulatında istifadə etmək üçün Qazaxıstana və Qırğızıstana ixrac olunub. Lakin son illərdə Dövlət Gömrük Komitəsi tərəfindən heç bir əsaslı səbəb olmadan yararsız atların ixrac olunmasının qarşısı alınıb. Kənd Təsərrüfatı Nazirliyi isə bu sahədə susur və müşahidəçi mövqedə dayanır. Bununla əlaqədar son illər at sahiblərindən çoxlu müraciətlər olur.

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda yalnız Qarabağ və Dilbaz cinslərindən olan damazlıq ayqırların ixrac olunması məqsədli şəkildə məhdudlaşdırılıb. Çünki, atçılıq təsərrüfatlarında damazlıq ayqırların və madyanların sayı xeyli azalıb və bu cür atlara böyük ehtiyac var.

Hazırda kənd və qəsəbələrdə istifadəyə yararsız, yaşlı 5-6 min baş “yabı” var. Heç bir tərəddüd etmədən bu atları satmaqla xarici ölkələrə ixrac etmək mümkündür. Bunun hesabına aztəminatlı kəndlilər müəyyən qədər əlavə vəsait əldə edə bilərlər.

Həm yerli, həm də Qazax və Qırğız respublikalarından gəlmiş iş adamları həmin atları bizim kəndlilərdən müqavilə yolu ilə hər birini 200-300 manatdan ucuz olmamaq şərtilə satın ala bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin mütəxəssisləri ixrac olunacaq atlara baxış keçirib, bu atların damazlığa yararlı olub-olmamasına, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları isə sağlamlığına dair rəy verməlidilər. Xarici ölkələrə damazlıq atların ixrac olunması yolverilməzdir. Kənd Təsərrüfatı Nazirliyinin rəyindən sonra Dövlət Gömrük Komitəsi tərəfindən atların ixracına hər hansı bir qadağanın qoyulması üçün heç bir hüquqi sənəd yoxdur”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal