Modern.az

Xaricdəki səfirliklərimiz necə turist cəlb edəcək? – Prezidentin sərəncamına ŞƏRH

Xaricdəki səfirliklərimiz necə turist cəlb edəcək? – Prezidentin sərəncamına ŞƏRH

2 Sentyabr 2016, 16:01

 

Ölkəyə  turist  axının cəlb edilməsi üçün prezident  İlham  Əliyev  “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı  əlavə tədbirlər haqqında”  sərəncam imzalayıb.

 

Sərəncama əsasən, bununla bağlı Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təkliflər hazırlayıb 2 ay müddətində prezidentə təqdim etməlidir.

Ölkəyə turist axının  təmin edilməsi ilə məqsədilə belə bir sərəncamın imzalanması  nəyi  dəyişəcək?!

 

İqtisadçı Vüqar Bayramov  Modern. az-a açıqlamasında  deyib ki, turizm sahəsi ilə bağlı  belə bir sərəncamın imzalanması  məqsədəuyğun haldır. 

 

“ Xüsusi nümayəndələrin olması  birmənalı  şəkildə bizə imkan verir ki,  daha çox turistin cəlb edilməsinə  nail olaq.  Turizmin qeyri-neft sektorlarından əsas fərqi  ondan ibarətdir ki,  turizm, daha çox qısa zamanda gəlir əldə edilməsinə, ölkəyə vəsaitin  daxil olmasına  şərait  yaradır.  Nəticədə  qeyri-neft sektoru   turizmin inkişafından  faydalanmış olur. Ona görə də nümayəndələrin  yaradılması  vacibdir. Ölkə prezidentinin imzaladığı sənəddə qeyd olunduğu kimi ,  nümayəndəliyin yaradılması ilə yanaşı,  turizm sektorunun   yaxından dəstəklənməsinə ehtiyac  var”.

 

Turizm sektoruna  güzəştlərin tətbiqi  zəruridir

 

Ekspertin sözlərinə görə,  hər bir turistin  Azərbaycanla bağlı yanaşmaları müxtəlifdir. 

 

“Hər bir  ölkədə  yaşayan turistin  Azərbaycana   yanaşması  fərqlidir.  Bir çox  Avropa ölkələri  üçün  Azərbaycanın çimərliyi və ya dağı, meşə turizmi , bəziləri üçün isə tarixi daha cəlbedicidir.  Bu baxımdan hər bir nümayəndəlik,  ölkənin xarakterinə uyğun olaraq,  həmin ölkədə turistik baxımından yanaşmaları  nəzərə  alaraq  Azərbaycanın potensialını  tətbiq etməlidir.  Ona görə də prezidentin sərəncamı doğru addımdır. Bununla yanaşı, daxildə turizmə dövlət dəstəyinin artırılması  baş verərsə, nəticədə bu, turizmin inkişafını stimullaşdıra bilər. Turizm sektoruna vergi , eləcə də,  gömrük  güzəştlərinin  tətbiq edilməsi  vacibdir. Turizm zonaları  yaratmaq istəyiriksə, eləcə də,  yaradılacaq  turizm zonalarına xaricdən   təbliğat məqsədilə daha çox turist cəlb etmək fikrindəyiksə,  birmənalı şəkildə turizm sektoru,  dövlət tərəfindən birbaşa və dolayı   təkliflər formasında dəstəklənməlidir . Bu həm aşağı faizli subsidiyaların verilməsi,  həm də güzəştlərin tətbiq ediləsi formasında ola bilər”.  

 

Səfirliklər arasında rəqabət mexanizmi yaranacaqmı?!

 

Vüqar  Bayramov  yeni sərəncamın tətbiqindən sonra  belə bir halın yaranmayacağı qənaətindədir.

 

“Düşünmürəm ki, turist cəlb etmək məsələsində səfirliklər arasında rəqabət mexanizmi olsun. Çünki elə ölkələr var ki, ordan turist cəlb etmək mümkün deyil.  Hər bir ölkənin ayrıca turizm potensialı, turizm imkanları var.  Həmin ölkələr turist olaraq Azərbaycana gəlməyə maraq  göstərmirlər. 

 

Elə ölkələr var ki, oradan turist  cəlb edilməsi  mümkündür. Turistlərin sayı baxımından rəqabətin təmin edilməsi mümkün deyil.  

 

Bütün hallarda güman olunur ki, daha çox turist cəlb etmək  həm də ölkənin daha yaxşı tanıdılması  ilə bağlı olacaq. Təbii ki, daha çox turist cəlb etmək həm də səfirliyin fəaliyyətini qiymətləndirmək baxımından əhəmiyyətli  göstəricilərdən biri olacaq. Amma, əsas  göstərici olmayacaq”.

 

Namidə  BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal