Modern.az

Mərkəzi Bank ilin 2-ci yarısında uçot dərəcəsini aşağı sala bilər

Mərkəzi Bank ilin 2-ci yarısında uçot dərəcəsini aşağı sala bilər

22 İyun 2017, 11:02

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13.8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə İdarə Heyətinin ötən gün keçirilən iclasında qeyd edilib.

İclasda bildirilib ki, Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.

Mərkəzi Bankın İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılmış və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

Mərkəzi Bankın inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.

Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal